Yay mövsümü ilə əlaqədar sərnişindaşıma ilə məşğul olan xətt avtobuslarında iyun ayının 15-dən etibarən kondisionerlər işə salınıb.
Oxu.Az xəbər verir ki, kondisioneri olan avtobusların sərnişinlərindən fərqli olaraq, kondisionersiz avtobuslarla hərəkət etmək məcburiyyətində olanlar bu komfortdan yararlana bilmirlər.
Səbəb isə sadədir - bir çox sərnişin avtobuslarının istehsal ili köhnə olduğu üçün onlarda ümumiyyətlə kondisioner sistemi mövcud deyil.
Sürücülər isə yaranmış vəziyyətdən çıxış yolunu avtobusları qapısı açıq vəziyyətdə idarə etməkdə görürlər. Bu isə sərnişinlərin həyatı üçün təhlükəlidir.
Kondisionersiz avtobuslarla hərəkət etmək məcburiyyətində qalan sərnişinləri bir məsələ maraqlandırır - kondisionersiz avtobuslara, günün qızmar vaxtı günəşdən qorunmaq üçün, tünd rəngli plyonka çəkmək olmazmı?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin (NK) müvafiq qərarına əsasən, avtobus və mikroavtobuslarda plyonka çəkilməsinə icazə verilmir.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydasına əsasən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasına uyğun olaraq sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobus və mikroavtobuslarda plyonka çəkilməsinə icazə verilmir", - deyə açıqlamada bildirilir.
Açıqlamada o da qeyd olunur ki, avtobus parkının yenilənməsi ilə bağlı mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır.
"Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər", - deyə açıqlamada vurğulanır.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, Nazirlər kabineti tərəfindən təsdiqlənən avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma qaydaları var:
“Həmin qaydalarda göstərilir ki, sərnişin daşımaq üçün istifadə edilən nəqliyyat vasitələrində isitmə-soyutma sistemləri olmalıdır. Həmin sistemin olmasından əlavə kondisioner işlək vəziyyətdə olmalıdır. Yəqin formal olaraq var, amma ya işlək vəziyyətdə deyil, ya da ki, müxtəlif səbəblərdən ötrü sürücü istifadə etmir. Bunların hər biri qayda pozuntularıdır. Əgər isitmə-soyutma sistemləri yoxdursa, həmin nəqliyyat vasitələri reysə buraxılmamalıdır. İndiki istilərdə avtobus tıxacda qaldığı və ya ləng hərəkət etdiyin üçün içərisində temperatur hədsiz dərəcədə yüksək olur. Nəqliyyat vasitələrində soyutma sistemlərinin olması vacibdir. Sürücünün alın və yan şüşələri plyonka ilə məhdudlaşdırıla bilməz. Ancaq sərnişinlərin oturduğu yan pəncərələrə pərdə və plyonkaların vurulmasının məhdudiyyəti yoxdur”.