Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən bəzi evlərə çıxarış almaq mümkün olacaq.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda və Abşeron rayonunda 100 minlərlə sənədsiz ev var ki, bunun da əsas səbəbi torpaqların kənd təsərrüfatı təyinatlı olmasıdır.
Ekspert onu da əlavə edib ki, yeni qanun layihəsində bir sıra normativ aktlar da nəzərə alınmalıdır.
Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə şamil olunmurdu.
Elnur Fərzəliyev qeyd edib ki, həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir.
O vurğulayıb ki, bələdiyyələr tərəfindən satılan torpaqlardakı tikililər də sənədsiz qala bilər.
Yeni layihəyə əsasən gələn aydan bələdiyyə sərəncamları ilə bağlı yeni portal fəaliyyətə başlayacaq. Yəni bələdiyyə sənədi ilə ev alan və ya tikən şəxslər portala daxil olub qeydiyyatdan keçməklə evinə çıxarış ala biləcəklər.
Əmlak eksperti Ramil Qasımzadə “Sherg.az”a bildirib ki, bu portalın gələn aydan fəaliyyətə başlayıb-başlamayacağını deyə bilməz:
“Ancaq bu ilin axırına kimi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin daşınmaz əmlakların qeydiyyatı ilə bağlı reyster xidməti tərəfindən portalın üzərində iş gedir. Portalda qanunsuz tikilən evlərin, hüquq müəyyən edici sənədlər yoxlanıldıqdan sonra, xüsusilə də kommunikasiya xəttlərinə yaxın yerləşmirlər və müvafiq tikinti normalarına cavab verirsə, onların qeydiyyatı ilə bağlı məsələlər həll olunacaq. Portala hansı sənədlərin yüklənməsi və hansı evlərin qeydiyyatının aparılacağı barəsində isə Əmlak Məsələləri üzrə Dövlət Xidməti müvafiq açıqlama verəcək. Bunlar bəlli olduqdan sonra konkret şəkildə cavab vermək mümkün olacaq. Hələ ki, bu barədə danışmaq tezdir. Ancaq hökumətin məqsədi budur sənədsiz evlərlə bağlı məsələlərə son qoymaqdır. Əgər tikili neft sahəsinə aid olmayan yerdə, yüksək gərginlikli xətlərin altında, yüksək təsirli qaz və su kəmərlərinin üzərində yerləşmirsə, onların çıxarışla təminatı həyata keçirilə bilər. Eyni zamanda kənd təsərrüfat təyinatlı torpaq sahələrində yerləşən və Nazirlər Kabineti tərəfindən təyinatı dəyişdirilərək yaşayış məntəqəsinə çevrilməsi mümkün olan evlərin də sənədləşməsi aparılacaq. Ümumiyyətlə isə sənədsiz evlərin hüquq müəyyənedici sənədlərində çatışmamazlıq olarsa, onlara çıxarış verilməyəcək”.