Araşdırma: Gənclər indi subay olmaqdan çox məmnundular

Yeni araşdırma 2000-ci illərin əvvəllərində doğulan gənclərin 10 il əvvəl doğulanlara nisbətən subay olmaqdan daha çox məmnun olduğunu ortaya çıxarıb.
Sherg.az xəbər verir ki, Almaniyanın Mainz Yohannes-Qutenberq Universitetinin yayılan araşdırmaya görə, mütəxəssislər 2008-ci ildən bəri ölkədə romantik münasibətləri və ailə dinamikasını incələyən araşdırma qrupunun məlumatlarını təhlil ediblər.

Tədqiqatçılar qurumun 2008-2021-ci illər arasında təxminən 12 min insanın iştirak etdiyi illik sorğularının nəticələrini araşdırıb.

Fərqli yaş qruplarına diqqət yetirən tədqiqatçılar 1970-ci illərlə 2000-ci illərin əvvəlləri arasında doğulanların romantik münasibətlərə baxışlarını müqayisə ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, 2001-2003-cü il təvəllüdlü gənclər 1991-1993-cü il təvəllüdlülərlə müqayisədə subay olmaqdan "əhəmiyyətli dərəcədə məmnundular".

Araşdırmanın aparıcı müəllifi, psixoloq Dr. Tita Qonzales Aviles açıqlamasında xüsusilə Qərb ölkələrində subay olmağın əvvəlkindən daha çox sosial baxımdan məqbul olduğunu bildirib.

Aviles "bu günkü gənclərin  həyatlarını fərdi şəkildə yaşamağa daha çox dəyər verdiyini" ifadə edərək, onların subay olmaqdan məmnun olduqlarına  diqqət çəkib.