Sosioloq: Ağac kəsənlərə qarşı cərimələr 10 dəfə artırılsın!

Yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur

“Kəsmək mümkün olmadıqda, dibinə kislota və ya digər kimyəvi maddələr tökərək ağacları süni şəkildə  qurudurlar”
 
 
 Bakıda A.M.Şərifzadə küçəsində ağaclar kəsilib. Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sosial şəbəkə istifadəçiləri paylaşıma “Yenə kiməsə obyekt lazımdır...”, “Pula görə ağacları qırırlar” kimi şərhlər yazıblar. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərbətlər Nazirliyindən Bakupost.az -a bildirildi ki, kəsilən ağaclar quruyanlardır: "Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır. ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilir və onların götürülməsi və qurumuş budaqların budanması ilə bağlı rəylər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə təqdim edilir. Təqdim edilən rəylər əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilk mərhələdə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından bu ağacların götürülməsi və budanma işlərinə başlayıblar. Bakının bir neçə rayonunda işlərə başlanılıb, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır. Eyni zamanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünün suvarılması işlərini həyata keçirirlər. Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcək".
 
Sosioloq, “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır:

- Yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur. Sovet dövründə - 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə, bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi isə 2 dəfə azalıb, demək, problem 4 dəfə kəskinləşib. Buna görə də paytaxtda və ətrafında böyük yaşıllaşdırma aksiyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız tədbirlər keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları keçirməlidir. Paytaxtda harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda isə dibinə kislota və ya digər kimyəvi maddələr tökərək ağacları süni şəkildə  qurudurlar. Kəsilən ağaclara görə bəzən sahibkarlara, tikinti şirkətlərinə cərimələr tətbiq edilir. Lakin bu cərimələr kəsilən ağacları geri qaytarmır. Kəsilən ağacların yerinə yeniləri də əkilmir, uzaqbaşı, balaca kollar əkirlər. Sahibkarlar, kafe, restoran sahibləri isə kəsilmiş ağaclara görə ödədikləri cərimədən dəfələrlə artıq pul qazanırlar əlavə sahə, ərazi əldə etməklə. Ərazidə obyekt tikən şəxs oradan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu yaşıl terrorun qarşısını almaq mümkün olar.