Sosial şəbəkələrdə videolar ard- arda gəldiyinə görə insanların yuxu rejimi pozulur
Sosial medianın gündəlik həyata təsiri günü-gündən artdıqca yeni problemlər də peyda olur.
Medicina.az xəbər verir ki, artıq “TikTok beyni” adlı yeni bir anlayış gündəmə gəlib.
Nevroloqlar sosial şəbəkələrin, xüsusilə də “TikTok”un istifadəçilərin beyninə qalıcı zərərlər vurduğu barədə xəbərdarlıq edirlər.
Nevroloq Dr. Oğuzhan Onultan xüsusilə uşaq, yeniyetmə və gənclərdə müşahidə edilən bu vəziyyətin simptomlarından və ondan xilas olmağın yollarından danışıb.
Mütəxəssisin sözlərinə görə, “TikTok beyni” diqqətin tez-tez yayınması, diqqəti cəmləyə bilməmə problemlərini təsvir etmək üçün istifadə edilən anlayışdır.
“Davamlı olaraq qısa videolara baxmaq beynin sürətli məlumat axınına öyrəşməsinə səbəb olur. Bu da dərin düşünmə tələb edən fəaliyyətlərdə performansı kəskin azaldır”, - deyə nevroloq bildirib.
Onun sözlərinə görə, istifadəçilərin qısa videolar paylaşdığı və izlədiyi sosial media platforması olan “TikTok” saniyələr ərzində istehlak edilən məzmunu ilə beynin diqqət müddətini yenidən formalaşdırır. Sürətli məzmun istehlakının beyinə təsirlərini araşdıran mütəxəssislər "TikTok beyni" anlayışını irəli sürüblər.
“Daim qısa, sürətli məlumat bombardmanına məruz qalan fərdlərdə müşahidə olunan diqqətin yayınması və diqqəti cəmləmə qabiliyyətinin azalması günümüzün ən böyük problemlərindən biridir. Beyin daim yeni və fərqli stimullara məruz qaldığından, bu vəziyyət uzunmüddətli diqqət tələb edən işlərdə zəif performansa səbəb ola bilər. Bu mənfi təsirlər akademik sahədən tutmuş sosial münasibətlərə qədər geniş spektrdə özünü göstərir”, - nevroloq diqqətə çatdırıb.
O, “TikTok beyni” ilə mübarizə üçün isə bunları tövsiyə edib:
“Valideynlər və pedaqoqlar gənclərin sosial mediadan istifadəsinə nəzarət etməlidirlər. Onlar uzunmüddətli diqqət tələb edən fəaliyyətlərə təşviq edilməlidir. Kitab oxumaq, təbiətdə gəzintilər etmək, incəsənət sahəsində fəaliyyətlərlə məşğul olmaq diqqəti bərpa etməyə kömək edəcək”.
Həkim nevroloq Rəna Abbasova “Sherg.az”a bildirib ki, sosial şəbəkə istifadəçəsisənsə, orada olan sensasiyon xəbərlər insanları cəlb edir və alışqanlıq əmələ gətirir:
“Maarifləndirici xəbərlər az bir kütləni cəlb edir. Sosial şəbəkələrdə neqativ xəbərlər sırf oxucu sayını və həmin səhifənin aktivliyini artırmaq üçün atılan addımdır. Bu isə bir çox insanların buna alışmasına səbəb olur. İnsanlar harada neqativ fikir və mövzu varsa, onu axtarmağa çalışırlar. Bu cür fikirlər normal insanların psixologiyasına mənfi təsir edir. Davranışlarında, digər insanlar ilə ünsiyyətində və təhsilində neqativ izlər buraxır. Eyni zamanda istifadəçilər müəyyən bir hal ilə qarşılaşırsa, və bunların öz başlarına gələ biləcəyindən qorxaraq ehtiyyatlanırlar. Daim beyində həmin fikirləri gəzdirməsinə səbəb olur. Yəni hər hansı cinayət işi və ya şiddət ilə rastlaşıbsa, müəyyən yaş dövründə ciddiliyini dərk etmədən normal bir hal olduğunu qəbul edərək təkrarlaya bilər. Bəzən də görürük ki, TikTok blogerləri və ya tiktoker dediyimiz şəxslər maraqlı paylaşımlar etmək üçün özlərini təhkükəyə atırlar. Bu qorxu hissi onların beynində olmur. Onların fikrində ancaq maraqlı video çəkərək baxış sayı artırmaq, kəşfetə düşmək və trend olmaqdır. Çox vaxt sosial şəbəkələrdə videolar ard- arda gəldiyinə görə insanların yuxu rejimi pozulur. Məktəblidirsə, valideyn nəzarəti mütləq olmalıdır. Böyük insanlar isə açıq havada gəzməli, yuxu rejimi qaydasında olmalı, kitab oxumalı, canlı ünsiyyətə üstünlük verməli və sağlam həyat tərzi keçirmək lazımdır. Sosial şəbəkə üzərindən ünsiyyət rahatlıq yaratsa da, insanları bir birindən uzaqlaşdırır”.