Cəmiyətdə aqressiya: Öldürən də, ölən də çoxalıb

Azad İsazadə: "Biz öz əlimizlə özümüzü ölümə, fəlakətə sürükləyirik"

Üzeyir Şəfiyev: "Ailə böhran mərkəzləri artmalı, funksional olmalı, bütün regionları əhatə etməlidir"

 
 Azərbaycanda ailədaxili münaqişələr, məişət zorakılıqları artıq pik həddə çatıb. Qısqanclıq zəminində törədilən qətllər, bıçaqlanmalar saya-hesaba gəlmir. Hər keçən gün artmaqdadır.
Elə son iki gündə qardaş qətli, atanın azyaşlı övladlarını bıçaqlaması, ərin arvadını binadan atması barədə xronikaya nəzər salaq:
Abşeron rayonunda qardaş qardaşı bıçaqlayıb. Daha sonra özünü öldürüb.
  Hadisə "Saray" MTK-da baş verib. Bir gün əvvəl isə Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. Hadisə Binə qəsəbəsində qeydə alınıb. 50 yaşlı Eyyubov Rza əvvəlcə oğlu 10 yaşlı Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb.
Xətai rayonu, Gəncə prospektində isə yaşlı qadın özünü binadan atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 
  Ağdaşda bıçaqlanma hadisəsi olub. 26 yaşlı Elnur Osmanov aralarında yaranan mübahisə zəminində tanışı, 37 yaşlı Həsənalı İsayevə bıçaqla xəsarət yetirib.
Bunlar hələ son iki gündə yayılan qətl və intihar xəbərlərinin bir hissəsidir. Qeyd etmədiyimiz  onlarla bədbəxt hadisə  yaşanıb. 
Mütəxəssislər isə  hesab edir ki, ailədaxili qətllərin səngidiyi vaxt olmur, həmişə aktual problemdir. Lakin  son vaxtlar öldürən də, ölən də çoxalıb, sanki.  Bütün qətlləri eyni arşınla ölçmək doğru deyil. Hərəsi başqa səbəblərdən baş verir. Bəzən öldürən, bəzən də ölən günahkar olur. Məsələ burasındadır ki, indi qətllər daha dəhşətli, daha vəhşət dolu olur. 

  Psixoloq Azad İsazadənin “Sherg.az”a açıqlamasına görə, ailədaxili münaqişələrin ağır cinayətlərlə nəticələnməsi ümumən cəmiyyətdə zorakılıq və aqressiv meyillərin artmasından irəli gəlir:
 “Aqressiya birdən-birə baş vermir, cəmiyyətdə yavaş-yavaş böyüyür, özünə yer eləyir. Belə vəziyyətdə insanlardan istənilən hərəkəti gözləmək olar. Sosial aqressiyanı doğuran səbəblərsə biri-birimizi dinləməməyimizdir. Biri-birimizi eşitmək istəmirik. Yığılıb qalan problemlər də bəzən aqressiyanın üzə çıxmasına səbəb olur. Burada təbii ki, mentalitet, adət-ənənə məsələsi də var”.
  
Psixoloqun sözlərinə görə, ailədaxili münaqişələrin sayını azaltmaq üçün tərbiyəvi, maarifləndirici işlərin aparılmasına ehtiyac var: 
"İnsanın mayası mərhəmətlə yoğrulub. Amma o, qəddarlaşırsa, deməli, işlər düzgün aparılmayıb. Biz dəfələrlə bu mövzuya toxunmuşuq ki, uşaqların tərbiyə işi düzgün qurulmalıdır. Mənəvi dəyərlər onlara aşılanmalıdır. 10-15 il əvvəl dünyaya gəlmiş uşaq bu gün artıq yeniyetmədir. Əgər evdə, ailədə zorakılıq görürsə, atasının anası ilə necə qəddar davrandığının şahidi olursa, sabah eyni hərəkətləri o da təkrarlayacaq. Biz öz əlimizlə özümüzü ölümə, fəlakətə sürükləyirik. İnsanlarda mərhəmət, şəfqət, ata-anaya, doğmalara qarşı ülvi hisslər tərbiyə etmirik”.
 
 Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, Azərbaycanda ailədaxili münaqişələrin bir qismi qısqanclıq səbəbindən baş verir. Digər amilsə  valideynlərin uşaqlara sevgini düzgün paylamamasıdır: 

“Sevgi "aclığı" üzündən, uşaqları etiketləmək (yaxşı, pis, ağıllı, fərsiz kimi və s.), bir qismi maddi ehtiyac üzündən, eyni zamanda kənar müdaxilələr nəticəsində baş verə bilir. Ailədə psixoloji iqlim sağlam olmalıdır. Əks halda, orada böyüyən uşaqlar travmalı böyüyür, cəmiyyətə kin püskürür. İkinci mühüm məqam uşaqların ekomühiti, yəni ətrafı, sosiallaşma mühiti sağlam olmalıdır. Ailədaxili böhranları, münaqişələri tənzimləmək üçün ailə böhran mərkəzləri artmalı, funksional olmalı, bütün regionları əhatə etməlidir. Onlar sosial agentlər vasitəsilə belə münaqişəli ailələri qeydə almalı, onlarla çoxprofilli komanda ilə, o cümlədən sosial psixoloji iş aparılmalıdır. Ailələrə sosial dəstək layihələri davamlı olmalı, ailələr sağlam əsaslar üzərində qurulmalı, ailə quran zaman qan testi ilə yanaşı, psixoloji test də tətbiq edilməlidir".