Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Şevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.
DİN-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Hadisəyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq taksilərdə kamera sistemi quraşdırıldığını görərik:
“Belə hallar baş verdikdə həmin kamera sistemi ilə cinayətkarın üzü tanınır və dərhal aşkar edilərək həbs edilir. Bu kimi önləyici tədbirlər olduqda cinayətkarlar da azalmağa başlayır. Əslində hazırkı vəziyyətə baxsaq taksi sürücüləri təhlükə altındadırlar. Çünki hər an istənilən cinayətlə qarşılaşa bilərlər. Məsləhətim odur ki, ehtiyatlı olsunlar, daim polislə əlaqə yaratsınlar. Həmçinin belə hallar baş verdikdə yaxınlıqda yerləşən Post Patrul xidmətinin köməyindən yararlansınlar və əlaqə telefonu ilə dərhal çağırış etsinlər. Dünya təcrübəsinə əsasən avtomobillərdə siqnalizasiya düyməsi olur və onu dərhal aktiv etdikdə yaxın ərazidə olan mühafizə polisi yaxınlaşır. Yəqin ki, gələcək zamanlarda bu kimi təcrübələr Azərbaycanda da tətbiq edilər”.