"Mən və ailə üzvlərim həyətdə 15 pişiyə yemək veririk və onların bir çoxunu peyvənd etdiririk".
Bunu Milli Məclisin plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, deputat həmkarı Sahib Alıyev göyərçinləri yemləyənləri cərimələməyi təklif edir:
“Onda o quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq”.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, quşlar infeksiya daşıyıcısı ola bilər:
“Sahib müəllim deyəndə də həqiqət var”.
Qeyd edək ki, deputat Sahib Alıyev göyərçin yemləyənlərin cərimələnməsini təklif edib və bunu dünya praktikası ilə əlaqələndirib.
Məsələni dəyərləndirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, quşları yemləmək üçün bu barədə bilgimizin olması şərtdir:
"Çünki insan quşa nəyi verib-verməməli olduğunu yaxşı bilməlidir. Biz canlının qarnını doyuzduraraq yaxşılıq etdiyimizi düşünürük. Lakin bəzən onların orqanizminə mənfi təsir edən qidalar veririk. Əksəriyyət göyərçinin qarşısına çörək qırıntılarını tökür. Bu da göyərçinlərin mədəsi üçün uyğun deyil. Əslində heyvanlar və quşların qida əlçatanlığı azalıb. Demək olar ki, onların ovlaya biləcəkləri məkan qalmayıb. Çünki insanlar hər yərə sürətlə urbanizasiya olunurlar. Heyvanların təbii mühiti zəbt edilib. Son illərdə quşların da sayı azalıb. Bu da ekoloji problemlərin nəticəsidir. Heyvanların yaşayış mühitləri sanki, əllərindən alınıb. Bəlkə, kənd təsərrüfatlarını suvaran zaman onlara qatılan dərmanlar zamanla dənizə axaraq torpağa qarışır və nəticədə havadakı canlıların ölümünə səbəb olur. Bir sözlə, heyvanlara lazımi qida verməklə yemlənməsi daha məqsədəuyğundur. Bununla bağlı cərimələrin tətbiqi isə absurddur".