Əhməd Qəşəmoğlu: "Hansı cəmiyyətlərdə ki maddiyyat önə keçir, orada mənəviyyat ölür"
“Körpəni doğum evindən çıxarmağa avtomobil korteji ilə gedirlər. Özü də kortejdəki maşınlar gərək “Gelandewagen” olsun”. Bunu Gəncədən olan tanışımız söylədi. Deyir ki, Gəncədə son vaxtların dəbi budur. Körpəni qarşılamağa azı 4 “Gelendefagen” gəlməlidi. Oğlan uşaqlarına göy, qızlara çəhrayı şarlarla bəzədilmiş "Cip"lər görmüşdük, avtomobil korteji barədə indiyədək eşitməmişdik.
Bu da oldu. Uşağın cinsiyyətinin bilinməsi “partisi”, sonra doğuş, sonra qarşılama, evdə dəm-dəstgah, uşaqgördü, adqoydu, “40-ı” çıxdı mərasimi, sonra ayların tamamı, 1 yaşında nəhəng şənlik mərasimi, bağçaya getməsi, məktəbəqədər hazırlıq, 1-ci sinif, ilk dərs günü mərasimi, buraxılış sinfi məclisi, ali məktəbə qəbul, bitirmə... Lap əvvələ qayıtsaq, həmin bu “naməlum” körpənin valideynlərində də yəqin bu cür ssenarilər icra olunub. İndi dəbdir axı, subaylığa vida “partisi” düzənləmək. Toydan əvvəl qızlar məclisi, oğlanlar məclisi. Körpənin ilk rüşeymləri görünən kimi UZİ şəklini internetdə paylaşmaq... Ötən dəfə gənc yazarlardan biri sosial şəbəkədə “pampers xonçası”ndan yazmışdı. Kimsə körpənin valideynlərini təbrik etmək üçün pampers xonçası hazırlayıb. Əlbəttə, başqa xonçalar da olub. Amma valideynlər ən çox bu xonçanı bəyəniblər yəqin. Lazımlı əşyadı axı. Bir müddət pampers almalı olmayacaqlar, xərcləri az çıxacaq. Dünyanın gərdişindən bir qram da anlamayan körpə üçün bunca xərc niyə çəkilməlidir? Həqiqətənmi, bütün bunlar müasirlikdir, ailə həyatının lazımlı, vacib, ayrılmaz hissələridir?
Sosioloq Əhməd Qəşəmoğlu ”Sherg.az”a açıqlamasında bu və buna bənzər davranışların meşşanlıq əlaməti olduğunu dedi:
- Mən bu sözü dəfələrlə demişəm və hər dəfə də təkrarlayıram. Hansı cəmiyyətlərdə ki maddiyyat önə keçir, orada mənəviyyat ölür. Xoşbəxt o ölkələrdir ki, orada mənəviyyat hər şeydən üstündür. Və maddiyyata yalnız gündəlik yaşayışın təmin edilməsi vasitəsi kimi baxılır. Mənəviyyatlı insanlar, mənəvi dəyərlərə üstünlük verənlər həris bir şəkildə kapital toplamırlar. Övladlarının savadlanması, ləyaqətli insan kimi yetişməsi üçün çalışırlar. Bizim cəmiyyətdə vəziyyət gündən-günə ağırlaşır. Maddiyyat getdikcə daha çox önə keçir, mənəviyyat arxa planda qalır. Körpə dünyaya gələr-gəlməz həyatı valideynlərinin sayəsində maddiyyata bağlanır. Bu mərasimlərə külli miqdarda pul xərclənir. Uşağın dünyadan xəbəri yoxdur, onun şərəfinə məclis düzəldilir, masalar bəzədilir. Bu israfçılıq uzun illər davam edir. İmkanlı valideyndirsə, uşağını “korluq çəkməyə” qoymur. Uşaq maddi cəhətdən təminatlı olur. Amma elmdən, mərifətdən kasad qalır. Bu cür meşşanlığın, övladı ərköyün, təminatlı böyütməyin hansı faciələrə gətirib çıxardığını çox görmüşük. Amma nə edəsən ki, heç də hər kəs ibrət almır. Elə bu cür də həyatlarına davam edirlər. Mənəviyyatın, elmin, təhsilin, mədəniyyətin arxa plana keçdiyi cəmiyyətlər çox qorxuludur və hamı üçün hər an təhlükə var. Ən dəhşətlisi də budur ki, özünü ziyalı hesab edənlər də bu sərsəm axına düşüb gedir. Hamı bir-birinin bəhsinə eyni halları təkrarlayır. İrad tutulanda da deyirlər, indi dəb belədir, hamı eləyir. Bu, psixoloji basqıdır. İnsanlar özü kimi olmaqdan çəkinir, başqası kimi olmağa can atırlar. Cəmiyyətdə tarazlıq pozulur, eyniləşmə, kopiyalama başlayır. Bərabər hüquqluluq tamam başqa anlayışdır, bir-birinə oxşamağa çalışmaq, başqasının hərəkətini, fərqinə varmadan təkrarlamaq başqa. Bu, qorxulu, təhlükəli tendensiyadır.