Körpənizin ağlamasına bir az imkan verin!

Yeni araşdırma körpəni hər dəfə ağladığı zaman dərhal sakitləşdirməyə çalışmağın vacib olmadığını göstərir. Araşdırmaya görə, müəyyən hallarda körpənin qısa müddət təkbaşına ağlamasına imkan vermək onun yuxu vərdişlərinə və özünü sakitləşdirmə bacarığına müsbət təsir göstərə bilər.

1. Mənfi təsiri olmaya bilər

“The Journal of Child Psychology and Psychiatry” jurnalında dərc olunan araşdırmada körpələrin ağlamasına müəyyən müddət müdaxilə edilməməsinin onların davranış inkişafına mənfi təsir göstərmədiyi bildirilib. Araşdırmada həmçinin ana-körpə bağının zəifləməsinə dair nəticə əldə edilməyib.

2. Daha yaxşı yata bilərlər

Başqa bir araşdırmada gecə ağlayan körpələrə müəyyən müddət müdaxilə edilməməsinin onların yuxu rejiminə müsbət təsir göstərə biləcəyi müəyyənləşdirilib. Müşahidələrə əsasən, bu qrupdakı körpələr gecə daha az oyanıb və daha tez yuxuya gediblər.

3. Özlərini idarə etməyi öyrənirlər

Körpənin ehtiyaclarına hər dəfə dərhal reaksiya verməmək ona tədricən özünü sakitləşdirməyi öyrədə bilər. Araşdırmanın müəlliflərindən professor Diter Volke körpələrin bu bacarığı inkişaf etdirməsi üçün müəyyən qədər tək qalmasının vacib olduğunu bildirib.

4. Özlərini sakitləşdirmə bacarığı formalaşır

Bəzən körpə həddindən artıq yorulur və ya çoxlu stimul alır. Belə vəziyyətdə ağlamaq onun gərginliyini azaltmasının bir yolu ola bilər. Mütəxəssislərin fikrincə, körpələr zamanla oyaqlıqdan yuxuya keçməyi və özlərini sakitləşdirməyi öyrənirlər.

5. Daha az narahat ola bilərlər

Özünü sakitləşdirməyi öyrənən uşaqların daha az narahat və kaprizli ola biləcəyi bildirilir. Gün ərzində emosiyalarını daha yaxşı idarə edə və yatmaq vaxtı daha az problem yaşaya bilərlər.

6. Təkbaşına yenidən yuxuya gedə bilirlər

Körpə müəyyən müddətdən sonra özünü sakitləşdirməyi öyrəndikdə, gecə oyandıqdan sonra yenidən yuxuya getməkdə daha az çətinlik çəkə bilər. Belə hallarda onu hər dəfə qucaqlamaq, yelləmək və ya valideyn müdaxiləsi tələb olunmaya bilər.