Şəxsiyyət vəsiqəsində ananın da adının göstərilməsi müzakirə oluna bilər - Hüquqşünas

  • “Ancaq şəxsiyyət vəsiqəsinin əsas funksiyası insanın kimin övladı olduğunu göstərmək deyil”

Qadınlar övladlarının şəxsiyyət vəsiqəsində ata adı ilə yanaşı, ana adının da yazılmasını istəyir. Bununla bağlı hətta kampaniya da başladılıb. Bəzi qadınlar hesab edir ki, uşağın şəxsiyyət vəsiqəsində təkcə ata adının yazılması qadına – anaya qarşı haqsızlıq, ədalətsizlikdir; körpəni bətnində 9 ay daşıyan ana, onu dünyaya gətirən qadın – ana, süd verən qadın -ana hərçənd dünyaya gətirmək və süd vermək məsələsində çətinliklər böyük ölçüdə aradan qalxıb, qeysəriyyə, süni qidalar timsaında, hətta 9 ay daşımaq məsələsi də – surroqat analar var – M.R.) amma şəxsiyyət vəsiqəsində təkcə atanın adı yazılır.

Hərçənd son 30 ili götürsək, uşaq dünyaya gətirmək və süd vermək məsələsində çətinliklər böyük ölçüdə aradan qalxıb, qeysəriyyə, süni qidalar, hətta 9 ay bətndə daşımaq məsələsi də – surroqat analar timsalında getdikcə ortadan qalxır. Amma, yenə də “əsas əziyyət çəkən qadın – anadır”, desək ataların əziyyətini heçə endirmirikmi? Qadınlar ana olaraq adlarının övladların şəxsiyət vəsiqəsinə yazıldırmasə tələbində nə dərəcədə haqlıdırlar? Məsələn, örnək olaraq qardaş Türkiyə göstərilir ki, şəxsiyət vəsiqələrində həm ata, həm ana adı yazılır. Qadınların etirazı və istəyi əsaslıdırmı və bizdə bu, mümkündürmü? 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirdi ki, bu, çox maraqlı məsələdir. Lakin Ə.Nuriyev şəxsiyyət vəsiqələrində yalnız ata adının qeyd edilməsinin gender bərabərliyinin pozulması kimi təqdim olunmasını doğru saymadığını dedi: 

- Bunu gender bərabərliyinin pozulması hesab etmək olmaz. Bunun üçün əvvəlcə müəyyən etmək lazımdır ki, söhbət doğrudan da ataya anadan üstün hüquqi status verilməsindən gedir, yoxsa bizim ad sistemində tarixən mövcud olan patronimikdən, yəni ata adından söhbət gedir. Patronimik burada mühüm anlayışdır. Ona görə də bunu belə ifadə edirəm: patronimik, yəni ata adı. Azərbaycan qanunvericiliyində mövcud yanaşma daha çox ikinci haldır. Atanın adı burada atanın hüququnu təsdiq edən ayrıca məlumat deyil, şəxsin adının formalaşmış elementlərindən biridir. Yəni, vəətndaşın şəxsiyət vəsiqəsində atasının adının yazılması ataya xüsusi, əlahiddə hüququn verildiyi demək deyil. Bu qayda qadın və kişilərə fərq qoyulmadan, eyni şəkildə tətbiq olunur. Eyni zamanda qeyd etməliyəm ki, yeni nəsil şəxsiyyət vəsiqələrində çiplər mövcuddur və həmin çiplərdə həm atanın, həm də ananın adı qeyd olunur. Sadəcə olaraq, ənənəvi hüquqi yanaşmaya görə, vəsiqənin üzərində atanın adı yazılır. Beynəlxalq təcrübədə də bu məsələyə vahid yanaşma yoxdur. Yunanıstan və Polşada həm atanın, həm də ananın adı şəxsiyyəti təsdiq edən sənəddə göstərilir. Gürcüstanda isə valideynlərdən heç birinin adı şəxsiyyət vəsiqəsinin əsas rekvizitləri sırasında yer almır. Eyni zamanda, sizin qeyd etdiyiniz Türkiyədə də ata və ana adının göstərilməsi daha çox ənənədən irəli gələn məsələdir. Bir sıra postsovet ölkələrində ata adı hələ də ad sisteminin tərkib hissəsi olaraq qalır. Deməli, hansısa vahid bir modeldən - istər Avropa modelindən, istərsə də digər ölkələrin modelindən danışmaq çox çətindir. Məncə, daha maraqlı sualı bir qədər başqa cür qurmaq olar: müasir elektron identifikasiya şəraitində şəxsiyyət vəsiqəsinin üzərində ümumiyyətlə valideynlərdən birinin adının yazılmasına ehtiyac varmı? 

Ə.Nuriyev bildirdi ki, əgər belə məlumatın kartın üzərində olması vacibdirsə, onda həm atanın, həm də ananın adının göstərilməsi müzakirə oluna bilər. Yox, əgər buna identifikasiya, yəni şəxsin eyniləşdirilməsi baxımından ehtiyac yoxdursa, məsələni başqa cür də həll etmək mümkündür: 

- Valideynlər haqqında məlumat elektron sistemdə saxlanılsın, kartın üzərində isə onların heç birinin adı ayrıca göstərilməsin. Ona görə də mən məsələyə “gender bərabərliyi pozulub, ana adı mütləq yazılmalıdır” formasında yanaşmazdım. Gender bərabərliyinin pozulması məsələsi başqa müstəvilərdə də müzakirə oluna bilər. Lakin bunun üçün daha ciddi hüquqi əsaslandırma tələb olunur. Sırf texniki baxımdan isə belə bir müzakirənin aparılmasını, əlbəttə, normal və faydalı hesab edirəm. Müzakirənin özü tamamilə normaldır və bu istiqamətdə müxtəlif yanaşmaların səsləndirilməsi müsbət haldır. Eyni zamanda biz hər zaman nəzərə almalıyıq ki, şəxsiyyət vəsiqəsinin əsas funksiyası insanın kimin övladı olduğunu göstərmək deyil, onun özünün kimliyini təsdiq etməkdir.