Ermənistan Konstitusiyası əsas maneədir...

Ərazi iddiaları çıxarılmazsa, sülh sazişi yalnız kağız üzərində qalacaq
ATƏT-in hazırkı sədri Elina Valtonen Ermənistanda səfərdədir. ATƏT sədri xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. XİN başçısı bildirib ki, Ermənistan heç vaxt və heç bir üçüncü tərəf qarşısında Konstitusiyanı dəyişdirmək öhdəliyi götürməyib və götürməyəcək. Bununla belə, nazir Ermənistan Konstitusiyasının dəyişdiriləcəyini bəyan edib: "Bu, yalnız vətəndaşlarımızın qərarıdır və daxili siyasi gündəliyimizin bir hissəsidir. Bəli, Azərbaycan bu məsələni sülh sazişinin imzalanması üçün şərt kimi irəli sürməkdə davam edir. Biz isə bu şərti qəbul etmirik". Xatırladaq ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bundan əvvəl Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməyib. Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Ermənistanla yekun sülh sazişinin imzalanmasının qarşısında duran ən ciddi hüquqi və siyasi maneə Konstitusiyadır. Ekspert vurğulayıb ki, əks halda, bu sənəd revanşist dairələrin əlində alət olaraq qalacaq və Ermənistanı uzunmüddətli şəkildə regional təcridə, qeyri-sabitlik mühitinə sürükləyəcək:
 "Azərbaycanın mövqeyi birmənalıdır: sülh sazişinin davamlılığı və qarşılıqlı etimad üçün Ermənistan Konstitusiyası dəyişməlidir. Rəsmi Bakı hesab edir ki, hazırkı Konstitusiyada sülh öhdəliklərinə zidd məqamlar var və bu, gələcəkdə imzalanacaq sənədlərin hüquqi qüvvəsini təhlükə altına sala bilər. Bakı bu tələbi təsadüfi irəli sürmür. Çünki əgər Konstitusiya dəyişməzsə, növbəti Ermənistan hakimiyyəti məhz bu sənədə istinad edərək, Vaşinqton razılaşmasını və ya istənilən sülh müqaviləsini inkar edə bilər. Ermənistan Konstitusiyası, əslində, hüquqi sənəddən çox, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası bəyanatıdır. Ermənistan cəmiyyəti xoş niyyət nümayiş etdirməli, qonşularla normal keçinəcəyinə dair iradəsini ortaya qoymalıdır. Bu tələb formal şərt deyil, real sülhün təməlidir. Əgər Konstitusiya olduğu kimi qalarsa, növbəti hökumətlər həmin sənədə istinad edərək istənilən sülh razılaşmasını inkar edə bilər. Beləliklə, hüquqi boşluq revanşizmin qapısını yenidən aça bilər".
Siyasi şərhçi əlavə edib ki, əslində, Ermənistan Konstitusiyası uzun illərdir yalnız dövlətin hüquqi əsaslarını deyil, həm də Azərbaycan və Türkiyəyə qarşı iddiaları əks etdirən siyasi sənəd kimi qəbul olunur:
 "Ona görə də Konstitusiyanın dəyişməsi bölgədə dayanıqlı sülhün bərqərar olması üçün həm hüquqi, həm də siyasi zərurətdir. Mirzoyanın son açıqlaması və onun ardınca yaranan müzakirələr göstərir ki, Ermənistanda Konstitusiyanın dəyişdirilməsinə qarşı çıxan qüvvələr artıq isterik ab-hava formalaşdırıblar. Mətbuatda və sosial mediada "torpaq itkisi", "suverenlik pozulur", "diktə altında dəyişiklik" kimi ritorika geniş yayılıb. Rəsmi İrəvan isə bu prosesə nəzarət etməkdə aciz görünür. Halbuki dəyişikliklər Ermənistanın hüquqi sistemini real siyasi və coğrafi vəziyyətə uyğunlaşdıracaq, gələcəkdə yeni hökumətlərin sülh prosesindən yayınmasına imkan verməyəcək. Əks halda, Konstitusiya revanşist dairələrin əlində alət olaraq qalmaqda davam edəcək və ölkəni uzun müddət regional təcridə sürükləyəcək".
S.Əsədliyə görə, Ermənistan hökumətinin “ərazi iddialarını tamamilə Konstitusiyadan çıxarmaq” yoluna dərhal getməsi ehtimalı azdır:
 "Bu, daxili siyasətdə risklidir və xalq referendumu olmadan mümkün deyil. Ona görə də İrəvan mərhələli və yumşaq dəyişikliklər variantını seçə bilər. Məsələn, “Müstəqillik Bəyannaməsi”ndəki iddiaedici ifadələrin redaktəsi, bəzi maddələrin hüquqi məna yükünün dəyişdirilməsi və ya daha neytral formaya salınması real addımlar ola bilər. Bu, hökumətə həm sülh prosesinə sadiqlik nümayiş etdirmək, həm də daxili ictimai müqaviməti zəiflətmək imkanı verəcək. Nəticə etibarilə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi təkcə hüquqi məsələ deyil, siyasi iradə testidir. Bu dəyişiklik baş vermədən bölgədə uzunmüddətli və sabit sülhdən danışmaq mümkün deyil". 
Ekspertə görə, İrəvan doğrudan da qonşularla normal münasibət qurmaq və beynəlxalq etimadı bərpa etmək istəyirsə, real vəziyyətlə uzlaşan Konstitusiyaya sahib olmalıdır: "Əks halda, sənədlərdə yazılan “sülh” ifadəsi kağız üzərində qalacaq, reallıqda isə köhnə düşmənçiliklərin davamı üçün zəmin saxlanılacaq. Ermənistan ya keçmişin kölgəsində qalacaq, ya da regionun gələcəyinə inteqrasiya edəcək. Bunun üçünsə ilk addım ərazi iddialarını Konstitusiyadan çıxarmaq və qonşuluq hüququnu qəbul etməkdir. Əks təqdirdə, Ermənistanın Konstitusiyası onun taleyini müəyyən edəcək".