- Paşinyan Rusiyanın emissarlarına qarşı savaşa hazırlaşır”
Ermənistanda hakimiyyət və müxalifət arasında siyasi qarşıdurma yeni və daha sərt mərhələyə daxil olur. Xüsusilə Rusiyaya yaxın mövqeyi ilə tanınan siyasi və biznes dairələrinin Paşinyan hakimiyyətinə qarşı əsas müxalifət mərkəzlərindən birinə çevrilməsi fonunda qarşılıqlı ittihamlar və sərt bəyanatlar artır. 2026-cı il parlament seçkilərində Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” və Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku parlamentdə təmsil olunmaq hüququ qazanıb. Belə bir siyasi mənzərədə Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın sabiq prezident Robert Köçəryan və rusiyalı biznesmen Samvel Karapetyan barədə səsləndirdiyi sərt ifadələr xüsusi diqqət çəkir. Simonyanın açıqlaması yalnız şəxsi qarşıdurma kimi deyil, Paşinyan hakimiyyətinin Rusiyaya yaxın hesab etdiyi siyasi qüvvələrə münasibətinin sərtləşməsi kontekstində də qiymətləndirilə bilər. Ermənistan hakimiyyəti son dövrdə Köçəryan və Karapetyan da daxil olmaqla əsas müxalifət liderlərini ölkənin siyasi kursuna mane olmaqda ittiham edib. Bu baxımdan Simonyanın hədələyici ritorikası Ermənistan daxilində siyasi mübarizənin hansı istiqamətdə inkişaf edəcəyinə dair yeni suallar doğurur. Xüsusilə Milli Təhlükəsizlik Şurasının rəhbərliyinə keçməsindən sonra onun bu mövqeyi Paşinyan hakimiyyətinin müxalifətə və Rusiyanın Ermənistandakı təsir imkanlarına qarşı daha sərt siyasət yürüdəcəyinə dair mesaj kimi də qəbul olunur.
Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, bu açıqlama Rusiyanın Ermənistana təzyiqləri fonunda Rusiya agentura casus şəbəkəsinin Ermənistandakı başçılarına qarşı amansız olacaqlarının mesajıdır:
“ Yəni, Rusiya nə qədər təzyiqi artırsa, Rusiyanın Ermənistandakı bütün casus şəbəkəsinə qarşı amansız davranılacağını göstərir. Bu faktın özü həm də onu göstərir ki, Rusiyanın 5-ci kolonunun liderlərinin tərəfdarlarını da bu hadisə ciddi şəkildə qorxudacaq. Çünki əgər lideri aradan qaldırarsınızsa, onun tərəfdarları və davamçıları başsız uzun müddət hərəkət edə bilməz. Bu kontekstdə Rusiyanın emissarlarına qarşı sərt bir siyasətin olacağını Simonyanın dili ilə dövriyyəyə buraxırlar. Əslində, bu, Nikol Paşinyan hökumətinin mövqeyidir və Simonyan da hökumətdən kənar hər hansı bir açıqlama vermir. Nəticə etibarilə, əgər başlar zərərsizləşdirilərsə, perspektivdə onların tərəfdarları, yəni parlamentə düşən bəzi deputatların yer dəyişməsi, sıra dəyişməsi də mümkündür. Düşünürəm ki, bu təzyiqlərin bir istiqaməti də təxminən bu yöndədir.Yəni, müxalifətə göz açmaq imkanı vermək istəmirlər ki, müəyyən etiraz mitinqləri dalğası haqqında da düşünə bilməsinlər. Əgər Paşinyanın 2021-2026-cı illər dönəmində müxalifətə daha etibarlı siyasət yanaşması var idisə, artıq Simonyanın açıqlaması göstərir ki, bu, daha da sərtləşəcək. Bunu da nəzərə alın ki, bir çox konstitusion qərarların qəbulu üçün Nikol Paşinyanın parlamentdə altı səsi çatışmır. Bu cür təzyiqlər və basqılar, həbslər olduğu və davam etdiyi təqdirdə, deputatlar arasında da fikir, mövqe dəyişdirənlər ola bilər. Belə olduğu təqdirdə, Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum qərarı daha asanlaşa bilər”.
Analitik qeyd edib ki, Simonyan indiki vəziyyətdə Rusiyanın dəstəklədiyi 5-ci kolon nümayəndələrinin Ermənistanda ciddi sosial dəstəyi olmadığını anlayır:
“Çünki bu olsaydı, ən azından Konstitusiya Məhkəməsinin seçki ilə bağlı qərarından sonra bu siyasi güc mərkəzləri mövqeyini ortaya qoyar və xalqı etirazlara səsləyər, böyük, çoxminlik etirazlar təşkil edərdilər. Ancaq biz belə bir etiraz dalğasını görmədik. Ona görə də Simonyan əmindir ki, yalnız sözdə, parlament və müəyyən media səviyyəsində qarşıdurma ola bilər ki, bu da Nikol Paşinyan hökuməti üçün potensial təhlükə törətmir. Eyni zamanda, bu cür sərt reaksiya və siyasətin arxasında həm də Rusiyaya verilən bir mesaj var. Yəni, Rusiya Ermənistana qarşı mövqeyini daha da sərtləşdirərsə, İrəvana qarşı çox ciddi məhdudlaşdırıcı addımlar atarsa, xüsusilə də Avrasiya İttifaqından Ermənistanın çıxarılması ilə bağlı qərarlar olarsa, biz də sizin bütün 5-ci kolonunuzu Ermənistanda tamamilə bitirərik mesajı verilir. Əslində, baş verən hadisələr də bunu göstərir. Moskvanın təzyiqləri artdıqca, Rusiyanın Ermənistandakı casus şəbəkəsinə də təzyiqlər artacaq”.