Paşinyanın Azərbaycan mediasında müsbət obrazda təqdim olunması yanlışdır - Əhəd Məmmədli

"Onun "Qarabağ Ermənistandır" bəyanatı müharibənin başlanğıcı oldu”

"Bu, səhv yanaşmadır. Bizdə bir misal var: “İlanın ağına da, qarasına da lənət”

Ermənistan Baş naziri Nikol Paşinyan 2018-ci ildən bəri mafiyaya qarşı 23 cəbhədə mübarizə apardıqlarını bildirib.

Bu barədə o, seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə danışıb.

“2018-ci ildən bəri düz 23 cəbhədə mübarizə aparmışıq, mafiyaya qarşı döyüşmüşük. Bu gün həmin mafiyanın cəmi üç başı (Qaqik Sarukyan, Samvel Karapetyan və Robert Köçəryanı nəzərdə tutur – red.) qalıb. Amma 2018-ci ildə həmin mafiyanın 23 başı vardı. Həmin başları bir-bir kəsdik, indi üçü qalıb. Qarşıdan gələn seçkilərdə həmin üç başı kəsməliyik”, - Paşinyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

 AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, demokratik seçkilərin keçirildiyi ölkələrdə istər iqtidar, istərsə də müxalifət üçün rəqiblər bir-birlərinə real təhlükədir:

"Bu, aydın məsələdir. Sadəcə olaraq, Azərbaycan mediasında Paşinyanın müsbət obraz kimi, müxalifətin isə mənfi obraz kimi göstərilməsinin tərəfdarı deyiləm. Düzdür, Paşinyan sülhdən, Azərbaycanla və Türkiyə ilə münasibətlərin yenidən bərpasından danışır. Eyni fikirləri Simonyan da səsləndirir və s. Müxalifət isə əksinə deyir ki, güclənməliyik, sonra yenidən Qarabağı almalıyıq. Bəli, bunlar var. Amma biz unutmamalıyıq ki, müharibə məhz Paşinyan dövründə başladı. Və ona görə yox ki, Paşinyan zəif idi, biz bundan istifadə etdik. Çünki Paşinyan bizə meydan oxuyurdu. “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan idi. Şuşada “Yallı” gedən Paşinyan idi. Qondarma qurumun “parlamentini” Şuşaya köçürən də Paşinyan idi. Bunları unutmayaq. Ona görə də indiki mənzərədə Paşinyanın müsbət obraz kimi, xüsusən də Azərbaycan mediasında təqdim edilməsinin tərəfdarı deyiləm. Bu, səhv yanaşmadır. Bizdə bir misal var: “İlanın ağına da, qarasına da lənət”.

Anlaitik qeyd edib ki, “Qarabağ klanı” Ermənistanda hakimiyyətdə olmuş tribalist, yerlibaz, tayfabaz və Rusiya yönümlü bir klandır:

"Onun da müxtəlif qolları var idi. Daşnaqlardan tutmuş digər terrorçu, yarıterrorçu, milliyyətçi, radikal çevrələr və s. Hətta Paşinyanın hakimiyyəti dövründə parlamentə hücum edən qruplar da olmuşdu. Yəni Paşinyan bütün bunların "başını kəsib" sıradan çıxarıb, indi isə qalan qüvvələrə qarşı mübarizə apardığını göstərməyə çalışır. Bununla da müxalifətə meydan oxuyur. O xalqa demək istəyir ki, bunlar mafiozdur, klançıdır və hakimiyyətə gəlsələr yenə eyni vəziyyət olacaq. Amma onların dövründə də Ermənistan Rusiyanın hər dediyini etmirdi. Mən bu fikirlə də tam razı deyiləm. Məsələn, Sarkisyanın dövründə faşist hərbçisinə İrəvanda heykəl qoyuldu. Bunu Rusiya istəyirdi? Xeyr. Amma Sarkisyan bunu etdi. Çünki ermənilərin fərqi yoxdur hansı iqtidar olsun, müəyyən milli kimlik anlayışı var və onlar bunu yaşatmağa çalışırlar. Bəzən yaltaqlanaraq, bəzən sərtləşərək, bəzən gözləyərək, bəzən dayanaraq -fərq etməz, amma bunu edirlər. Və bu milli kimlik ideologiyası Ermənistanda davam edəcək. Yəni "Papadan böyük katolik olmağa çalışmamamlıyıq. Paşinyan, Köçəryan və digərləri bir qəpiyin fərqli üzləridirlər".