"Qarabağ Azərbaycandadır, məsələ bağlanıb" - Zərdüşt Əlizadə

  • "Ermənistan Konstitusiyasındakı həmin müddəanın artıq reallıqla əlaqəsi yoxdur"
  • "Azərbaycan-Ermənistan münasibətləri tam normallaşacaq"

Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra formalaşan yeni hakimiyyət komandasının qarşısında duran əsas prioritetlər açıqlanmağa başlayıb. Baş nazir Nikol Paşinyan hökumətin yeni tərkibinin fəaliyyətinin dövlətçiliyin möhkəmləndirilməsi, institusional islahatların davam etdirilməsi və qarşıdakı beş ildə yaranacaq imkanlarla çağırışların düzgün idarə olunmasına yönələcəyini bildirib. Onun sözlərinə görə, təcrübəli hökumət statusu həm mühüm üstünlüklər qazandırır, həm də işin rutinləşməsi riskini artırır. Bu fonda Paşinyan komandasını fəallığı qorumağa və qarşıdakı dövrdə nəzərdə tutulan geniş gündəliyin həyata keçirilməsi üçün səyləri artırmağa çağırıb.

Ermənistanda yeni hakimiyyətin formalaşdırılmasına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Sherg.az-a söyləyib ki, Simonyana etimadın itirilməsi bir az mübaliğə sayıla bilər:

“Çünki Şimonyan Paşinyanın komandasına, yaxın dairəsinə daxil olan insandır. Dünən nə qədər fərqli idi? Parlament sədridir. Sabah başqa bir vəzifə tutar, başqa bir tapşırığı yerinə yetirər. Onlar əsla düşmən deyillər. Qaldı Paşinyanın vədinə, bu, həqiqətə uyğundur. Çünki erməni xalqı Qarabağ macərasının geridə qaldığıyla razılaşıb. Onlar düşünür ki, Azərbaycanla Türkiyə ilə ədavət geridə qaldı. Addım-addım Ermənistan yanındakı qonşuları ilə düzgün münasibətlər quracaq və müharibə ehtimalı istisna ediləcək. Erməni gəncləri, erməni kişiləri artıq ölümlə üzləşmək istəmirlər. Ədavət toxumu səpənlərin mövqeyi cəmiyyətdə xeyli zəifləyib. Bundan sonra Ermənistanın əsas qayğısı regional layihələrdə iştirak etmək olacaq. Enerji layihələrində, nəqliyyat layihələrində, kommunikasiya layihələrində Ermənistan iştirak edəcək və ölkənin iqtisadi göstəriciləri xeyli möhkəmlənəcək. İqtisadi inkişaf üçün də geniş imkanlar yaranacaq. Bu baxımdan Paşinyan erməni xalqına verdiyi vədləri yerinə yetirməyə hazırlaşır və yeni parlament formalaşır”.

Sülh müqaviləsinin nə zaman imzalanacağı məsələsinə də toxunan politoloq qeyd edib ki, onun düşüncəsi Azərbaycan və erməni cəmiyyətində hökm sürən fikirlərdən tam fərqlidir:

“Mən sual vermək istəyirəm. Nə vaxtsa erməni xalqının, sovet xalqının, Azərbaycan xalqının tarixində Konstitusiya hər hansı bir rol oynayıbmı? Məsələn, Sovet Konstitusiyasının 72-ci maddəsində deyilirdi ki, Sovet Respublikasının ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Bu, Sovet Konstitusiyası idi, nəhəng dövlətin Konstitusiyası, dünyanın ən güclü iki dövlətindən birinin Konstitusiyası. Erməni xalqı və ya onu qızışdıran qüvvələr bu Konstitusiya ilə hesablaşdılarmı? Yox. Gəldilər, Qarabağı işğal etdilər. Ermənistanın hazırkı Konstitusiyasında da Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə deyilir ki, “erməni xalqının əzəli və əbədi arzusu Qarabağla birləşməkdir”. Kim bunu həyata keçirəcək? Qarabağ artıq Azərbaycandadır. Müstəqillik Bəyannaməsindəki cümlənin reallıqla heç bir əlaqəsi yoxdur. Qarabağ qayıtdı, məsələ bitdi. Biz niyə həmin Müstəqillik Bəyannaməsinə olan istinada bu qədər fikir veririk? Hazırda Azərbaycanla Ermənistan arasındakı münasibətlər yavaş-yavaş tənzimlənir. Yavaş-yavaş sülh və əməkdaşlıq prosesi gedir, iqtisadi əlaqələr bərpa olunur. İndi hələlik Ermənistana dəmir yolu Gürcüstan vasitəsilə keçir. Bir azdan yəqin Qazax-İcevan yolunu da təmir edərlər. Oradan birbaşa Azərbaycandan Ermənistana dəmir yolu işləyər. Sonra şose yolu bərpa olunar. Daha sonra isə “Tramp yolu” deyilən layihə də həyata keçirilə bilər. Bu, Zəngəzur istiqaməti olacaq. Çünki təxminən 42 kilometrlik yol qalır. Onu da üç-dörd ilə tikərlər. O vaxta qədər nə Tramp olacaq, nə də Amerika indiki vəziyyətdə qalacaq. Sonda Azərbaycanla Ermənistan arasında münasibətlər tam tənzimlənəcək”.