Səudiyyə İranla müharibədən çəkinir: "Qlobal iqtisadiyyatın çökməsinə səbəb ola bilər"

Səudiyyə Ərəbistanı Baş Nazirinin müavini və Müdafiə naziri şahzadə Məhəmməd ibn Salmanla ABŞ-ın dövlət katibi Mayk Pompeo İran mövzusunu müzakirə ediblər. Şahzadə İranın həmlələrinin müharibəyə səbəb ola biləcəyini vurğulayıb.

Bu barədə ABŞ-ın CBC kanalında yayımlanan “60 dəqiqə” proqramına müsahibə verən ibn Salman bildirib ki, “Saudi Aramco” şirkəti dünya neft tədarükünün 5%-nə sahibdir: “Sözügedən hücum birbaşa dünya iqtisadiyyatına zərbə vurub”.

Vəliəhd onu da bildirib ki, İrana qarşı hərbi əməliyyatlara ehtiyac yoxdur: “Çünki Səudiyyə ilə İran arasında müharibə baş tutsa, bu, qlobal iqtisadiyyatın çökməsinə səbəb ola bilər”.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə hücum təşkil olunmuş və İranın dəstəklədiyi Yəmən husiləri məsuliyyəti öz üzərlərinə götürmüşdü. ABŞ və Səudiyyə Ərəbistanı bu hadisədə birbaşa İranı ittiham edir.