“ABŞ tərəfindən imzalanan razılaşmaların çoxu etibarsız sayılır”. Bunu Sherg.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, Amerikanın siyasi rəhbərliyinin verdiyi vədlər müəyyən müddət sonra dəyişikliyə məruz qalır. Bunu təcrübə də göstərir:
“Budəfəki qeyri-müəyyənlik isə Donald Trampın səriştəsizliyindən irəli gəlir. Ağ Ev rəhbəri real vəziyyətə nəzarət edə bilmir. Onun hərbi-siyasi məsələlərə birbaşa təsir imkanları çox zəifdir. Əksinə, hərbi-siyasi dairələrin prezidentə müqaviməti daha güclüdür. Ölkənin siyasi dairələri ilə prezident arasında ziddiyyət, qarşıdurma mövcuddur. İŞİD lideri Bağdadi ilə bağlı prosesdə Pentaqon bəzi məlumatların açıqlanmasını istəmirdi. Ancaq Tramp terrorçunun məhvi ilə bağlı sirləri açdı. Digər tərəfdən Tramp Suriyadan çıxacağını iddia edirdi. İlkin dövrdə Amerika hərbiçilərinin və texnikasının bir hissəsi müəyyən edilmiş bölgədən geri çəkilsə də, qısa zaman sonra yenidən tərk etdikləri əraziyə qayıtdılar. Ona görə də bu cür bir siyasi rəhbərlə konkret danışıq aparmaq və üzərinə məsuliyyət yükləmək mümkün olmur. Ərdoğan da məhz bunu deyir”.
İlqar Vəlizadə: "Trampın heç xəbəri də yoxdur ki, amerikalı hərbiçilər Suriyanın hansı bölgəsində yerləşir"
İ.Vəlizadənin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bütün proseslərə tam nəzarət edir:
“Xüsusən, ölkədə hərbi-siyasi məsələlər birbaşa dövlət başçısından asılıdır. Türkiyə rəhbərliyi Putin-Ərdoğan görüşünə xüsusi xəritələrlə gəlmişdi. Çox güman ki, xəritədə qoşunların yerləşdirildiyi bölgələr və bazalar əks olunmuşdu. Ancaq əminəm ki, Trampın heç xəbəri də yoxdur ki, amerikalı hərbiçilər Suriyanın hansı bölgəsində yerləşir. Ankara hökuməti reallığın fərqində olduğu üçün daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəhbərliyindən şikayət edib. Ərdoğan bildirib ki, prezident Vladimir Putinlə keçirilən görüşlərdə alınan qərarların tətbiqi daha sürətli olur. ABŞ prezidenti Donald Trampla isə eyni vəziyyət təmin edilmir: “Putin alınan qərarların tətbiq edilməsi üçün dərhal hərəkətə keçir. Tramp söz verir, amma nəticə əldə olunmur. Ya yerinə yetirmir, ya da proses çox uzanır. Trampın verdiyi sözləri həyata keçirib-keçirməyəcəyi şübhə doğurur”.