Çinin Honkonq xüsusi inzibati bölgəsində iyun ayından keçirilən, bəzən iğtişaşların və zorakılıq hallarının müşahidə olunduğu aksiyalar səngimək bilmir.
Azərtac xəbər verir ki, noyabrın 2-də və 3-də keçirilmiş aksiyalar zamanı etirazçılar Çin dövlət xəbər agentliyi olan Sinxuanın Asiya və Sakit okean regional bürosunun binasına hücum edərək ciddi zərər vurublar. Aksiya iştirakçıları binanın təhlükəsizlik avadanlığını dağıdıb, şüşələri sındırıb, binanın içinə yandırıcı maddələr atıblar. Bundan başqa, büronun divarlarına təhqiredici ifadələr yazıblar. Sinxua agentliyi zorakılıq hərəkətlərini pisləyib, onu törədənlərin ən qısa zamanda tapılaraq istintaqa cəlb olunmasını tələb edən bəyanat yayıb. Ümumçin Jurnalistlər Assosiasiyası və Honkonq Jurnalistlər Federasiyası da bəyanat yayaraq Sinxua agentliyinin binasına olan hücumu pisləyiblər.
Aksiya iştirakçıları şəhərin bir neçə hissəsində barrikadalar qurub, yanğınlar törədib, bərk cisimlərdən istifadə etməklə dövlət və özəl binaların şüşələrini sındırıblar, polis əməkdaşlarına fiziki xətər yetirib, habelə metro stansiyalarına böyük miqdarda maddi zərər vurublar.
Honkonq polisi həftəsonu şəhərdə iğtişaşlar, zorakılıq əməlləri törətməkdə, qanunsuz toplaşmaqda, hücum silahları gəzdirməkdə şübhəli bilinən 200-dən çox adamı saxlayıb. Onlardan xeyli sayda soyuq silah, habelə 188 ədəd neft bombası aşkar edilib. Bundan başqa, saxlanılanlar arasında aksiyalar zamanı simaların gizlədilməsini qadağan edən qanunun tələblərinə məhəl qoymayan şəxslər də var.
Honkonq polisi zorakılığa qarşı dözümlülük nümayiş etdirməyəcəyini, şəhərdə asayişin bərpa olunması üçün lazımi addımların atılacağını bəyan edib.
Qeyd edək ki, dörd ay bundan öncə cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunması barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra Honkonqda kütləvi etiraz aksiyaları başlayıb. Şəhər hökumətinin sentyabrda həmin təşəbbüsdən imtina etməsinə baxmayaraq, aksiyalar hələ də davam edir. Etirazlar istirahət və bayram günləri daha da aktivləşir və zamanla iğtişaşlar, küçələrin bağlanması, yanğın törədilməsi halları və metro stansiyalarında vandalizm aktları ilə müşayiət olunur.