Ankaraya qarşı cəhdlər əbəsdir: Suriyada əsas söz sahibi Türkiyə və Rusiyadır

Ankaranın da Moskva ilə anlaşması var və bu anlaşma yerinə yetiriləcək



Suriya Demokratik Qüvvələri Türkiyəyə qarşı növbəti təxribatçı addım atıb. Əvvəlcə, Təl-Abyad və Rəsulayn bölgəsindəki kilsələrə silahlı hücum edərək xristianlarla müsəlmanları qarşı-qarşıya gətirmək istəyən qruplaşma bu plan baş tutmadıqdan sonra yeni həmləyə baş vurub. SDQ Haseke vilayətində yaşayan süryaniləri silahlı qarşıdurmanın ön xəttinə çəkib. Habelə digər xristian qrupların da ön xəttə çəkildiyi qeyd edilib. Aprel ayında ermənilər tərəfindən qurulan “Nübar Ozanyan” terror təşkilatı da yeni plana daxil edilib.

Erməni təşkilatı Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əməliyyat bölgəsinin ön xəttinə dislokasiya olunub. Həmin taborun əvvəlcə Rəsulaynda yerləşdirildiyi, lakin ABŞ-Türkiyə anlaşmasından sonra Təl-Temrə geri çəkildiyi bildirilib. ABŞ-ın “National Review” hərbi-texniki jurnalı da Türkiyəni hədəf alıb. Mənbə Türkiyənin ABŞ və Rusiya ilə anlaşmasına baxmayaraq, xristian kəndlərini hədəf aldığını iddia edib. Türkiyə Müdafiə Nazirliyi isə əməliyyatlar çərçivəsində heç bir kilsənin və ya xristianın zərər görmədiyini açıqlayıb. 



Suriyada qardaş ölkəyə qarşı erməni kartından istifadə edilməsini “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli deyib ki, bölgədəki erməni və digər xristian xalqları məhz ABŞ, İsrail, Fransa və Almaniya vasitəsi ilə Türkiyə ordusuna qarşı istifadə edilir.

Analitikin sözlərinə görə, məqsəd bu qüvvələri paytaxt Dəməşqdə Türkiyə Silahlı Qüvvələrinə hücuma sövq etməkdir: “Lakin bütün cəhdlər əbəsdir. Türkiyənin Rusiya ilə anlaşması var və bu anlaşma hər iki derjava arasında tam şəkildə yerinə yetiriləcək. Çünki sözügedən razılaşma aşağı-yuxarı Ankara, Moskva, hətta Dəməşqin maraqlarına da cavab verir. Həm də Suriyada əsas söz sahibi Türkiyə və Rusiyadır. Suriya Demokratik Qüvvələri adlandırılan qruplaşma Türkiyə-Rusiya ortaqlığına qarşı çıxmağa cəsarət etməz. Əks halda Vladimir Putinin köməkçisi D.Peskovun dediyi kimi qısa zamanda məhv ediləcəklər. Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan deyil, məhz Putinin köməkçisi deyib”.