Vladimir Putin: Ramzan Kadırov Rusiya qəhrəmanı adına tam layiqdir

Rusiya Prezidentinin  mətbuat konfransı 4 saat 18 dəqiqə davam edib


Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da növbəti illik mətbuat konfransını keçirib.



Rusiya dövlətinin başçısının 15-ci illik mətbuat konfransı 4 saat 18 dəqiqə davam edib. Bu vaxt ərzində Rusiya Prezidentinə 70 sual ünvanlanıb. Suallar, əsasən, ölkədə səhiyyə, təhsil, sosial, iqtisadi, humanitar məsələlərlə bağlı olub. V.Putin, həmçinin xarici jurnalistlərinin Rusiya ilə ABŞ, Ukrayna, Belarus, Yaponiya, Çin, Böyük Britaniya və digər ölkələrlə münasibətlərinə dair suallara cavab verib.

Rusiya Prezidenti tarixi faktlara toxunub, Oktyabr inqilabı, Böyük Vətən Müharibəsi dövründə cərəyan etmiş hadisələrə öz qiymətini verib.

Türkiyənin “Anadolu” agentliyinin müxbiri Cura Əlinin xarici mətbuatda Rusiyanın Liviyada özəl hərbi şirkətlərinin olması bərədə sualına cavabında V.Putin bildirib ki, Rusiya bu ölkədə hərbi əməliyyatların dayandırılmasına, səlahiyyətlərin bölünməsi barədə razılığa gəlinməsinə tərəfdardır. Rusiya bu barədə Avropadakı tərəfdaşları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər həmkarları ilə danışıqlar aparacaq. (azərtac)

Dövlət başçısı Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya qəhrəmanı adına tam layiq olduğunu vurğulayıb. O deyib ki, R.Kadırovun atası, Axmat Kadırov Rusiya ilə əlaqələr quran şəxsiyyət olub və terrorçular tərəfindən qətlə yetirilib. Ramzan Kadırov isə indiyə kimi həyatını təhlükəyə ataraq döyüş əməliyyatlarında iştirak edir.

Xatırladaq ki, bu il Rusiya lideri ilə görüş üçün yenidən rekord sayda 1895 mətbuat nümayəndəsi qeydiyyatdan keçib. Ötən il bu rəqəm 1702 idi. İlk mətbuat konfransına 2001-ci ildə 500-dən bir qədər artıq jurnalist gəlmişdi.

Mətbuat konfransı “Rossiya 1”, “Rossiya 24”, “Rusiya İctimai Televiziyası” və “Birinci kanal” telekanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə canlı yayımlanıb.