Abdulla Aripov yenidən Özbəkistanın Baş Naziri seçilib


Yanvarın 21-də Özbəkistan parlamenti Ali Məclisinin və Senatının birgə iclası keçirilib.

Sherg.az Azərtac-a istinadən xəbər verir ki, iclasda Prezident Şavkat Mirziyoyev çıxış edib, ölkənin prioritet istiqamətləri haqqında geniş məlumat verib. Dövlət başçısı bildirib ki, Ali Məclisin və Senatın üzvləri seçildikdən sonra yanvarın 20-də Özbəkistan hökuməti tam tərkibdə istefa verib. Dövlət başçısı Ali Məclisə seçkilərdə Liberal-Demokratik Partiyasının 53 mandat qazandığını xatırladıb, Baş Nazir vəzifəsinə partiyanın nümayəndəsi Abdulla Aripovun namizədliyini irəli sürüb.

Abdulla Aripov çıxış edərək hökumətin həyata keçirəcəyi layihələr haqqında məlumat verib. Deputatlar və senatorlar Abdulla Aripovun namizədliyini dəstəkləyiblər. Sonra gizli səsvermə yolu ilə Abdulla Aripov yenidən Özbəkistanın Baş Naziri seçilib.