Yanvarın 21-də Budapeşt bələdiyyə məhkəməsində Suriya vətəndaşı F.Həsənin işi üzrə növbəti dinləmə olub.
AZƏRTAC xəbər verir ki, F.Həsən öz vətənində terror və kütləvi qətllər törəməkdə ittiham edilir.
Müttəhim F.Həsən 2018-ci ilin dekabrında Budapeşt beynəlxalq aeroportunda öz adına və onu müşayiət edən qadının adına saxta sənədlər təqdim etdiyinə görə saxlanılıb. Əvvəlcə onun Macarıstandan qovulması haqqında qərar qəbul edilib. Lakin sonradan belə bir şübhə yaranıb ki, F.Həsən İŞİD terror təşkilatının fəal üzvü olub və 2015-ci ildə bir neçə insanın edam olunmasında şəxsən iştirak edib.
Şübhəli şəxs ötən il noyabr ayında keçirilmiş məhkəmə dinləmələrində bütün ittihamları inkar edərək deyib ki, 2015-ci ildə (onun təqsirləndirildiyi cinayət əməlləri həmin dövrdə törədilib) Suriyada olmayıb, çünki o hələ 2014-cü ildə ailəsi ilə birlikdə Türkiyəyə qaçıb. Budapeşt bələdiyyə məhkəməsi müttəhimin Türkiyədə qaçqın kimi qeydiyyata alınmaq üçün müraciət etdiyi vaxtı aydınlaşdırmaq məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin Macarıstandakı ofisinə sorğu göndərib, lakin məhkəmə öz sorğusuna cavab almayıb. Budapeşt bələdiyyə məhkəməsi zəruri informasiya almaq üçün sorğu hazırlanması barədə xahişlə Ədliyyə Nazirliyinə də müraciət edib.
Suriyada edamla bağlı videoyazılara gəldikdə isə, məhkəmə ekspertinin sözlərinə görə, bu videoyazı keyfiyyətsiz olduğu üçün şübhəli şəxsin həmin cəlladlar arasında olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. İki məhkəmə ekspertindən biri videomaterialın keyfiyyətsiz olduğuna görə məhkəmədə də rəy verməkdən imtina edib, digər ekspert isə deyib ki, həmin kadrlarda F.Həsənin olması ehtimalı 53,3 faizə bərabərdir.
Növbəti məhkəmə dinləməsi yanvarın 23-nə təyin edilib. Bu dəfə skayp vasitəsilə keçiriləcək videokonfransda Belçikadan və Maltadan olan şahidlərin ifadələri dinləniləcək.