ABŞ-ın Avropadakı hərbçilərinin sayı əsrin əvvəlindən bu yana rekord həddə çatıb. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik komitələrinin birgə iclasında çıxışı zamanı deyib. O, bir neçə həftə sonra “Avropanın Müdafiəçisi 2020” təliminin başlayacağını və bunun sayəsində Avropaya 20 min ABŞ hərbçisinin gələcəyini bildirib.
Stoltenberq ABŞ əsgərlərinin Avropadakı sayının çox olduğunu söyləsə də, konkret rəqəm səsləndirməyib:
“Bizim bütün fikir ayrılıqlarımıza rəğmən, ABŞ və Avropa ölkələri bu gün nə vaxtsa etdiklərindən daha çox iş görürlər”.
O, Avropa parlamentarilərini AB-nin NATO-ya, eləcə də ABŞ, Kanada və Türkiyəyə ehtiyac duyduğunu, Rusiyanın qarşısının alınması, silahlanmaya nəzarət, terrorizmlə mübarizə və Çin tərəfindən çağırışlara cavab axtarışında iştirakını etiraf etməyə çağırıb.
Qeyd edək ki, “Avropanın Müdafiəçisi 2020” təlimi son 25 ilin ən böyük təlimi olacaq. Martda keçiriləcək təlimdə 37 min hərbçi iştirak edəcək.
Fevral-aprel ayları arasında isə Avropaya 20 min ABŞ hərbçisi gətiriləcək. Onlar Avropada “Avropanın Müdafiəçisi 2020” təlimiylə yanaşı, “Sürətli cavab”, “Bıçaq zərbəsi”, “Müttəfiqlik ruhu” və “Dinamik cəbhə” təlimlərində iştirak edəcəklər.