Ukrayna Tehranın əvvəldən sərnişin təyyarəsinin raketlə vurulmasından xəbərdar olduğuyla bağlı iranlı dispetçerlərin vacib səs yazısına sahibdir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “1+1” televiziyasına müsahibəsində deyib.
“Bu, Tehrandakı dispetçerin enişə hazırlaşan İran təyyarəsi ilə olan səsyazısıdır. Bizim təyyarə 06:12 havalanıb (qeyd edək ki, təyyarənin havaya qalxması ilə bağlı bu rəqəm son məlumatdır – red.), 06:30-da İran təyyarəsi eniş etməliymiş. O, hər şeyi görüb və dispetçerlə danışmağa başlayıb. Orada hər şey eşidilir. O, “mənə elə gəlir ki, raket uçur” deyir. O, bunu həm ingilis, həm fars dilində deyir. Səsyazısı İran tərəfinin qəzanın səbəbləri barədə əvvəldən məlumatlı olmasının vacib sübutudur. Bu, onlara təyyarə partladığı andan bəlli idi”, – deyə o bildirib.