Fransada vəkillər pensiya islahatına etiraz olaraq nümayişlərə çıxıblar


Fransada pensiya islahatı layihəsinə qarşı etiraz nümayişləri davam edir.

AZƏRTAC xəbər verir ki, SOS Təqaüd (SOS Retraites) kollektivinin çağırışı ilə ölkənin bir çox şəhərlərində artıq 4 həftədir tətil edən vəkillər etiraz nümayişinə çıxıblar.

Parisdə vəkillər Ədliyyə Nazirliyinin qarşısına toplaşıblar. Minlərlə nümayişçi bildirib ki, yeni pensiya islahatı layihəsi liberal peşə sahibləri üçün çox ədalətsizdir. Parisdə 15 mindən çox vəkilin nümayişlərə qoşulduğu deyilir. Ölkədə vəkillərin məhkəmələrə getmədiyi, minlərlə məhkəmə işinin təxirə salındığı və yığılıb qaldığı bildirilir. Tibb bacıları, loqoped, hava bələdçisi kimi liberal peşə sahibləri də vəkillərə qoşulub.

Qeyd edək ki, CGT, FO, FSU, Həmrəylik (Solidarites), MNL, UNL, Fidl və Unef kimi həmkarlar təşkilatları fevralın 6-da ümumi nümayişə çağırışlar ediblər. Yeni pensiya islahatı layihəsi baxılmaq üçün artıq Milli Assambleyaya təqdim edilib.