İran “qara qutu”nu Ukraynaya vermək istəmir – ŞÜBHƏLİ MƏQAMLAR

Kiyev təyyarə olayında Rusiyanın İrana təsirindən şübhəlidir



Rəsmi Tehran İranın hava məkanında vurulan Ukraynaya məxsus təyyarədə ölənlərin ailələrinə 80 min dollar təzminat ödəyəcəyini açıqlayıb. Ukrayna Prezidenti Vladimir Zelenski insan həyatı ilə alver etmək istəmədiyini desə də, təzminatın az olduğunu vurğulayıb. 

Ekspertlərin fikrincə, tərəflərin qarşıdurması danışıqlar yolu ilə həll edilə bilər. Ancaq Kiyevin Tehrandan başqa narazılığı da var.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Şərq”ə deyib ki, Tehran vurulan təyyarənin “qara qutu”sunu Ukraynaya vermir. Onun sözlərinə görə, vurulan təyyarə Ukrayna Hava Yollarına məxsusdur, ona görə də “qara qutu”nun təhvil verilməməsi Kiyevin haqlı narazılığına səbəb olub: 



Elxan Şahinoğlu: “Ukraynadakı mərkəzlərin şübhələrinə görə, Moskva Tehrana təzyiq edir ki, “qara qutu”nu Rusiyanın rəqibi olan Ukraynaya verməsin”


“Ukrayna təyyarə olayında Rusiyanın İrana təsirindən şübhəlidir. Kiyevdəki siyasi mərkəzlər “qara qutu”nun Ukraynaya təhvil verilməməsinin arxasında Moskvanın maraqlarının dayandığını güman edirlər. Tehran təyyarəni vurduqdan bir gün sonra səhvini etiraf etdi. Bu, Moskva üçün gözlənilməz oldu. Çünki 5 il əvvəl Donbass səmasında vurulan mülki təyyarəyə görə Moskva bugünə qədər məsuliyyət daşımayıb. Beynəlxalq aləm həmin mülki təyyarənin Rusiyadan dəstək alan separatçılar tərəfindən vurulmasına şübhə etmir, faktlar da bundan xəbər verir. Ancaq Rusiya tam tərsini iddia edir, guya, Hollandiyadan Malayziyaya uçan təyyarəni Ukrayna vurub. Bu, məntiqə ziddir. Separatçıların təyyarəsi yoxdursa, Ukrayna havadan müdafiə qüvvələri səmada niyə təyyarə vurmalı idilər? Əksinə, separatçılar səmada gördükləri hər təyyarəni Ukrayna hərbi təyyarəsi hesab edərək düyməyə basa bilərdilər”.



Siyasi şərhçinin sözlərinə görə, məsuliyyətdən boyun qaçıran Moskva eyni olayda Tehranın da oxşar siyasət yürütməsini gözləyirdi: 

“Ancaq Tehran səmasında vurulan təyyarənin sirrini gizlətmək mümkün deyildi. Ona görə də Tehran gecikmiş də olsa, doğru qərar verdi, səhvini etiraf etdi. Buna baxmayaraq, Ukraynadakı siyasi mərkəzlərin şübhələrinə görə, Moskva Tehrana təzyiq edir ki, “qara qutu”nu Rusiyanın rəqibi olan Ukraynaya verməsin. Bu məsələdə Rusiyanın təlimatları İrana yaxşı heç nə vəd etmir. Təyyarənin vurulmasına görə Tehranın gecikmiş etirafını beynəlxalq aləm, o cümlədən Ukrayna cəmiyyəti anlayışla qarşıladı. Ancaq bundan sonra “qara qutu”nun təhvil verilməməsi bu anlayışı zəiflədəcək ki, bu, İran maraqlarına xidmət etmir”.