Çin Xalq Respublikasının Sədri Si Cinpin fevralın 7-də ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Birləşmiş Ştatları koronavirus epidemiyasına məsuliyyətli reaksiya verməyə çağırıb.
AZƏRTAC yerli rəsmi mənbələrə istinadla xəbər verir ki, Si Cinpin ölkəsinin koronavirus epidemiyası ilə mübarizədə müsbət nəticələr əldə etdiyini, Çinin epidemiyanın öhdəsindən gəlmək gücündə olduğunu deyib.
Birləşmiş Ştatların epidemiyanı sakit qaydada qiymətləndirəcəyinə, cavab tədbirlərini ağlabatan şəkildə qəbul edəcəyinə və düzəldəcəyinə ümid etdiyini deyən Çin lideri bildirib ki, iki ölkə epidemiyanın qarşısını almaq üçün koordinasiyanı gücləndirə və birgə işləyə bilər.
Telefon danışığı zamanı iki ölkə arasında ötən ay imzalanmış ticarət sazişinin birinci mərhələsinə dair fikir mübadiləsi də aparılıb.
Qeyd edək ki, ABŞ rəsmilərinin koronavirus epidemiyası ilə bağlı bəyanatları və qəbul etdiyi qərarları, o cümlədən Dövlət Departamentinin koronavirusun yayılması ilə əlaqədar Çinə səfərlər barədə vətəndaşlarına ən yüksək səviyyədə xəbərdarlıq etməsi, Ticarət naziri Uilbur Rossun koronavirusun yayılmasının iş yerlərinin Çindən ABŞ-a qaytarılmasını sürətləndirəcəyi barədə fikirləri qarşı tərəfin narazılığına səbəb olub.