Venesuela təhlükəsizlik qüvvələri Kolumbiyanın "Los Rastrojos" cinayətkar qrupunun silahlılarını ölkənin qərbində həbs edib və maddi-texniki bazasını məhv ediblər.
Trend-in məlumatına görə, bu barədə Taçira sərhəd ştatının "müdafiəçisi" vəzifəsinə təyin olunan Freddi Bernal deyib.
Məlumata əsasən, əməliyyat Venesuela hökuməti tərəfindən ötən həftənin sonunda ölkədə başlayan hərbi təlim çərçivəsində həyata keçirilib.
Onun sözlərinə görə, təşkilatın 14 üzvünü saxlanılıb, onların yanacaq ehtiyatları və maddi-texniki təminatı vasitələri məhv edilib.
F.Bernal qeyd edib ki, əməliyyat zamanı cinayətkarların silah-sursat, mobil avadanlıq, nəqliyyat vasitələri və yanacaq saxladığı anbarlar məhv edilib. Bundan əlavə, Boca de Qrito şəhərində kolumbiyalı hərbçilərə tibbi yardım göstərən xəstəxana da məhv edilib.