Moskva gördü: Türkiyə İdlib məsələsində geri çəkilən deyil - ŞƏRH


Əhəd Məmmədli:“Putin hədəfinə çata bilmədiyi üçün Ərdoğanla bir masaya oturmağa razılıq verdi” 




Ərdoğan-Putin görüşündə atəşkəs elan edildi və gözlənildiyi kimi İdlib düşmədi, təslim olmadı”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 

Siyasi şərhçi bildirib ki, Rusiyaya ilk dəfə “dur” deyən oldu: 

“Bunu edən Türkiyə Silahlı Qüvvələri idi. Atəşkəsin nə vaxta qədər davam edəcəyini söyləmək mümkün deyil. Ancaq bundan asılı olmayaraq, bu andan Rusiya üçün Suriyada geri sayım başladı. Moskva gördü ki, Türkiyə İdlib məsələsində geri çəkilən deyil. İdlibi işğal etmək üçün Rusiya Türkiyə ilə rəmsən müharibəyə başlamalıdır. İdlibə görə Rusiya bunu etməz. Məsələ ondadır ki, NATO-nun köməyi olmadan Türkiyə ikinci nüvə derjavası olan Rusiyanın İdlib cəbhəsində hücumunu dayandırdı. Türkiyə neçə ildir, Suriyada Rusiya ilə qeyri-rəsmi savaşdadır. Son 4 gün ərzində Türkiyənin hərbi texnikası rus silahını darmadağın etdi. Bu haqda fransız “Le'Monde”, alman “De'Şpiqel”, ingilis “BBC”, “euronews”, “Əl'Cəzirə” kimi dünyanın nüfuzlu KİV-ləri reportajlar hazırladılar. 4 gün ərzində 5 suriyalı general məhv edildi. Əsəd “Türkiyə ilə heç bir problemimiz yoxdur, türk xalqı qardaş xalqdır” demək məcburiyyətində qaldı. Rəsmi Tehran Türkiyəni Rusiyasız danışıqlara çağırdı. Putin Ərdoğanla görüşdə başsağlığı verdi və hücum zamanı həmin ərazidə TSQ-nin olmasından xəbərsiz olduqlarını söylədi”. 



Ə.Məmmədli vurğulayıb ki əvvəl görüşdən imtina edən Putin, TSQ-nın intiqam əməliyyatından sonra təcil Təhlükəsizlik Şurasını çağıraraq Ərdoğanla görüşmək qərarını verdi: 

“Görüş İstanbulda keçirilməli idi. Məhz Putinin xahişindən sonra Ərdoğan Moskvaya səfər etməyə razılıq verdi. Ehtimal etmək olar ki, Putinin daxildə vəziyyəti yaxşı olmadığından indiki anda ölkəsindən çıxmağa risk etmir. Son 4 gündə 3 tank briqadasını, 3400 əsgər və 500-ə yaxın digər hərbi subyekt itirən, müasir hərbi texniki imkanlarına ciddi xələl gələn Kreml üçün bu danışıqlar çox ağır və qəbul edilməz idi. Türkiyə çox açıq şəkildə Suriyada onun yox sayılmasının yolverilməz olduğunu ortaya qoydu. M4 yoluna ortaq partrul nəzarəti ilə bağlı razılaşma bunun çox açıq göstəricisidir. Əvvəl rus hərbi polisi bunu təkbaşına edirdi. M4 Hələb-Lazkiyə yoludur. Rusların hərbi ərazisinə gedən yoldur. Yəni indiyə qədər nəzarət etdiyi yola bundan sonra türklər də nəzarət edəcək”. 

Analitikə görə, Putin hədəfinə çata bilmədiyi üçün Ərdoğanla bir masaya oturmağa razılıq verdi: 

“Moskvanın hədəfi bütövlüklə İdlib vilayətinə nəzarəti ələ almaq idi. Unutmayaq ki, atəşkəs hər an pozula bilər. Ərdoğan açıq şəkildə bildirdi ki, əgər Əsəd rejimi həmlələrini davam etsə, dərhal cavabını alacaq. Üstəlik, gələn xəbərlərə görə, “Əhrar əş-Şam” qruplaşması atəşkəsi qəbul etməyəcək. Həmçinin, artıq əvvəlki kimi rus-fars-əsəd qoşunları İdlib cəbhəsində rahat irəliləyə bilməyəcəklər. İdlibə kifayət qədər türk qoşunu və texnikası yeridilib. Avropadan da qaçqınlara yönəlik razılaşma xəbəri gəlib. Avropa Birliyi Türkiyəyə qaçqınlar üçün 4,7 milyard dollar vəsait ayırıb. Göründüyü kimi Türkiyə hər cəbhədə irəliləməkdə davam edir”.