Ankarada baş tutan Rusiya-Türkiyə danışıqları konstruktiv keçib, nəticələr Suriyanın İdlib regionu üzrə razılaşmaları həyata keçirməyə imkan verir.
"Sherg az" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Rusiya-Türkiyə hərbçiləri martın 15-dən etibarən İdlib regionunda "M-4" trassında birgə patrul həyata keçirməyə başlayacaq.
Qeyd edək ki, Türkiyə martın 5-də əldə olunun razılaşmaya uyğun olaraq Suriyanın İdlib vilayətində olan ağır texnikasının bir hissəsini öz ərazisinə geri çəkməyə başlayıb.
Xatırladaq ki, martın 5-i Moskvada Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib regionunda gərginliyi müzakirə ediblər. Görüşün yekunlarına dair birgə sənəd qəbul olunub. Tərəflər "Astana formatı"na sadiq olduqlarını bildirib və həmin gün gecə yarısından İdlib vilayətində atəşkəs rejiminin tətbiq olunduğunu bəyan ediblər. Bundan əlavə, tərəflər strateji əhəmiyyətə malik və yaraqlıların əlində olan "M4" trassında birgə patrul aparılmasına dair razılıq əldə ediblər.