İndiki situasiya daha çox Pakistanın xeyrinədir

Müsəlmanların bölgədə çoxluğu Pakistanın "əlini gücləndirir"

Bir neçə gün əvvəl Hindistan Pakistana qarşı yenidən terror siyasətinə başlayıb.  Hazırda Kəşmirdə ağır döyüşlər gedir. Hindistanın dinc əhalini bombalaması nəticəsində bugünədək 4 pakistanlı həlak olub, 30-u isə yaralanıb. Yəni keçən əsrin ortalarından başlayan Kəşmir problemi indiyədək davam edir. Deməli, yeganə müharibə ocağı Cənubi Qafqaz deyil. 

 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəsisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a savaşın yenidən başlanmasına təsir edən  məqamlardan danışıb:

“İndiyədək tərəflər arasında Kəşmir üstündə 4 dəfə toqquşma olub. Ümumiyyətlə, konflikt 1947-ci ildən başlayıb. Mübahisəli ərazi Pakistanın şimal-şərqində, Hindistanın isə şimalında yerləşir.

Həmçinin Pakistandan Çinə müəyyən qədər torpaq zolağının hədiyyə edilməsi rəsmi Pekinin bölgənin bir hissəsinə nəzarət etməsinə şərait yaradır. Kəşmirin bir hissəsi Hindistana, müəyyən hissəsi isə Pakistana düşür. Kəşmir Çinə görə Hindistana təsir vasitəsi, Hindistana görə isə Pakistan və Çinə təzyiq alətidir. Əlbəttə, müharibənin məhz indi başlanmasının ən mühüm səbəblərindən biri ABŞ-da baş verən siyasi hadisələrdir.

Belə ki, Co Bayden hakimiyyətə gələn kimi Tramp administrasiyasının müttəfiqi Hindistana qarşı müəyyən addımlar atmağa başladı. Ticarət müharibəsində Çinlə ABŞ arasındakı toqquşmada Trampın əsas müttəfiqinin məhz Hindistan olduğunu unutmayaq. Digər amillər isə Çin və Rusiya ilə əlaqəlidir”. 

 Ə.Əlibəylinin sözlərinə görə, indiki situasiya daha çox Pakistanın xeyrinədir:

“Müsəlmanların bölgədə çoxluğu Pakistanın “əlini gücləndirir”. Pakistan Çin və ABŞ-ın müttəfiqidir. Hindistan isə ABŞ-ın təsiri ilə Rusiyanın əlindən çıxmaqdadır. Həmçinin iyulda Hindistan və Çin arasında hərbi toqquşma baş vermişdi. Pakistanla Kreml arasında əsgəri təlimlər keçirilir, tərəflər arasında hərbi əməkdaşlıq var. Çinlə Hindistan isə müharibə vəziyyətindədir. Eyni zamanda Çinin “bir kəmər, bir yol” layihəsi Asiya enerji dəhlizindən Hindistanı kənarlaşdırır. Bir neçə gün əvvəl 22 ölkə, o cümlədən Çin Sakit okean hövzəsində ticarət müqaviləsi imzaladı.

Bu, dünya iqtisadi ticarət dövriyyəsinin 30 faizini təşkil edir. Həmin müqaviləyə görə, regionda Pakistan üçün dəhliz nəzərdə tutulub. Bax, bunların hər biri Hindistanın xarici siyasətinə təsir edir”.