Ukrayna taqətdən düşüb, təslim olur? -ANALİZ

Danışıqlar masasında şərtləri birmənalı olaraq Rusiya diktə edəcək

Zelenski hakimiyyəti də bu problemi görməyə başlayıb və nəticələrinə hazırlaşmaq niyyətinə düşüb


  Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib.
O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb. Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni ədalətli nəticəyə gətirəcək üç komponent olduğunu söyləyib. ABŞ mediası isə yazır ki, ilin sonuna kimi Ukrayna Rusiyaya təslim ola bilər.  “Washington Post” qəzetinin məlumatına görə, Rusiya ordusu Donetskin bütün ərazilərində irəliləyir və Donbasın tamamilə süquta uğraması ehtimalı var.
  Ukraynalı komandir Aleksandr Pokoronke “Washington Post”a məlumat verib ki, Rusiya Ukraynanın bütün əlaqə sistemlərini məhv edib: “Biz dayanmalıyıq, Pokrovsk düşsə bütün Donbas ciddi təzyiq altında olacaq. Rusiya komandanlığı var gücü ilə bütün istiqamətlərdə hücuma keçib və biz mühasirəyə düşə bilərik".
  "Washington Post”un xəbərindən də göründüyü kimi Ukrayna cəbhəsində hazırkı vəziyyət Rusiyanın xeyrinə dəyişir.  
Maraqlıdır, ilin sonuna kimi Ukrayna Rusiyaya təslim olacaq, yoxsa Zelenski hədəflərinə çatacaq?

  Politoloq Elçin Xalidbəylinin “Sherg.az”a açıqlamasına  görə, Rusiya- Ukrayna müharibəsinin ilin sonlarına qədər yekunlaşması iddiaları artıq inandırıcı görünür. O deyib ki, Bayden Administrasiyası və onun NATO-dakı, Avropa Birliyindəki müttəfiqləri Ukraynaya  yetərli səviyyədə hərbi dəstək göstərmirlər:

 “Müasir və həlledici silahları ya vermirlər, ya da onun Ukraynaya çatdırılması prosesini bilərəkdən uzadırlar. ABŞ, NATO və Aİ-nin Kiyevə hərbi-texniki və maliyyə dəstəyi Ukrayna ordusunun döyüşlərdə qələbə çalması üçün yetərli deyil.
Müharibənin gedişində isə Ukrayna ordusu həm hərbi texnika, həm də canlı qüvvəsini  itirir. Ukraynanın insan resursları isə  itkiləri bərpa eləmək üçün yetəri səviyyədə  deyil. Rusiya əhalisi isə bir neçə dəfə Ukraynadan  çox olduğundan insan resursları baxımından elə bir ciddi problem yoxdur. Bu faktor isə Ukrayna  üçün olduqca ciddi məsələdir, ordunun müəyyən ərazilərdən geri çəkilməsinə vadar edir”. 
  
E.Xalidbəyli vurğulayıb ki, bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsi Ukrayna üçün daha ağır situasiya vəd edir. Əgər prezident seçkilərində Donald Tramp qalib gələrsə, onun hakimiyyəti dövründə Vaşinqtonun Ukraynaya dəstəyi dayandırılacaq:
 “Maddi və texnikin dəstəyin dayandırılacağını Tramp indidən bəyan etməkdədir.  ABŞ-dən  sonra isə  Aropa  Birliyi  və NATO da  Ukraynaya dəstəyi dayandırmalı olacaq. ABŞ-nin avanqard mövqeyi və liderliyi  olmadan, nə Aİ, nə də NATO Ukrayna məsələsində müstəqil addım ata bilər. Onların Ukrayna savaşını maliyyələşdirəcəyi ehtimal  edilmir. Zənnimcə, Zelenski hakimiyyəti də bu problemi görməyə başlayıb və  nəticələrinə hazırlaşmaq niyyətinə  düşüb.  Mövcud vəziyyətdə Ukrayna üçün  başqa çıxış yolları görünmür”.

  Ukrayna hakimiyyətinin  Rusiya ilə danışıqlara getməyə məcbur qalacağını vurğulayan E.Xalidbəylinin dediyinə görə, bu danışıqlarda Zelenski hakimiyyətinin hansısa şərtləri diktə etmək imkanları da ciddi şübhə doğurur: 
“Böyük ehtimalla, danışıqlar masasında şərtləri birmənalı olaraq Rusiya diktə edəcək. Artıq Moskva öz şərtlərini beynəlxalq ictimaiyyətə elan edib. Müharibə meydanında rus ordusu üstünlüyü qoruya biləcəyi təqdirdə Kreml yalnız öz şərtləri daxilində sülh sazişinin imzalanmasına razılıq verəcək. Bu indidən aydın görünür. Çox təəssüf ki, Ukrayna kimi önəmli,  nəhəng bir MDB dövləti ABŞ, Aİ və NATO-nun güdazına getdi. Ukraynanın başına gələn bütün  fəlakətlərdə  və gələcəkdə  yaşayacağı bütün uğursuzluğa görə əsas məsuliyyət kollektiv qərbin  üzərinə düşür. Ukraynanı Rusiya ilə qarşıdurmaya məhz Qərb təhrik edib. Ona görə də Ukraynanın ağır və acınacaqlı vəziyyətə düşməsində, o cümlədən başına gələcək fəlakətlərdə əsasən Qərb güc mərkəzləri məsuliyyət daşıyır. Ukraynanın yenidən dirçəlməsi üçün onilliklər və yüzmilyardlarla dollar lazım gələcək”.