Dünya yeni bir iqtisadi dönəmə daxil olur

"Neftdən asılı ölkələr artıq doğrudan da nefti unutmalıdırlar. Artıq neft ancaq iqtisadiyyatda köməkçi faktor kimi qalmalıdır"

"Neft qiymətlərinə təsir edən müxtəlif amillər var. Bura həm maliyyə bazarlarındakı vəziyyət, həm də Amerikadakı seçkilərin nəticələri daxildir".
Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, neftin qiymətinə pandemiya da çox ciddi təsir göstərir: "Son zamanlar dünya birjalarında, o cümlədən neftin qiymətində çox pozitiv hava yaranıb. Hətta brent markalı neftin qiyməti 44 dollar yarıma qədər artıb. Bu da vaksin xəbərləri ilə əlaqədardır. Çünki ən azından bütün dünya gözləyir ki, yanvardan başlayaraq dünya üzrə vaksinasiya baş verəcək. Bu da dünyanın əvvəlki vəziyyətinə qayıtmasına kömək edəcək".

Ekspert vurğulayıb ki, amma ümumilikdə neftin uzunmüddətli perspektivinə baxdıqda qiymətlərin hələ uzun zaman çox aşağı səviyyələrdə qalması ehtimalı böyükdür:

"Neftin qiymətinin hələ bir müddət 40-50  dollar arasında qalması ehtimalı daha yüksək görünür. Nəzərə alaq ki, yaxın gələcəkdə Amerika və İran arasında yeni danışıqlar mərhələsinin başlanması gözlənilir.

Çünki Co Baydenin İranla anlaşmaya yenidən qayıdacağı öncədən elan olunub. Bu da İran neftinin yenidən dünya bazarlarına daha rahat şəkildə çıxmasına səbəb olacaq. Nəticədə bu, neft bolluğuna səbəb olan amilə çevriləcək. Xatırladım ki, Liviyada bu yaxınlarda böyük anlaşma imzalandı, yəni BMT-nin təşkilatçılığı ilə tərəflər bir masaya gətirildi.

Bununla da, Liviyada artıq neft istehsalı yenidən başlayır. Liviyanın yaxın aylarda dünya bazarına əlavə bir milyona barelə yaxın neft çıxaracağı ilə bağlı ilkin razılaşmaları var. Bu da neft qiymətlərinə basqı yaradıb. Təbii ki, bunlar yaxın ayların gözləntiləridir". 

Orta-uzun müddətə gəldikdə isə ekspert qeyd edib ki, ümumiyyətlə, dünya yeni bir iqtisadi dönəmə girir:

"Dünya yeni bir modelə keçir. Yəni yaşıl iqtisadiyyat, bərpa olunan enerji, enerjiyə qənaət, avtomobil sənayesində elektriklə və hibridlə işləyən avtomobillərin çox sürətlə yayılması və sair.

Təsəvvür edin ki, 2010-cu ildə proqnoz var idi ki, 2020-ci ildə dünyada ən yaxşı halda 0.2 faiz avtomobillər elektriklə işləyəcək. Bu gün artıq 8 faizə çatıb.

Hibridlə işləyənləri götürsək artıq o da 15 faizə yaxınlaşır. Avropa Birliyi ölkələri  yaxın 5-10 ildə ümumiyyətlə daxili yanma mühərrikində rezindən, dizeldən istifadəni tamamilə qadağan edən qərarlar qəbul edib. Həmçinin Amerikanın 12 ştatı da bununla bağlı qərar verib. Yəni yaxın gələcəkdə kifayət qədər neftin tələbatının sürətlə azalacağını görə bilərik. Bu da neft qiymətlərinin aşağı səviyyələrdə qalma ehtimalını yüksək edir.

Ümumiyyətlə, qeyd edim ki, neftdən asılı ölkələr artıq doğrudan da nefti unutmalıdırlar. Artıq neft ancaq iqtisadiyyatda köməkçi faktor kimi qalmalıdır. Əslində real, normal iqtisadiyyata keçidin vaxtı yetişib".