Ukrayna həkətə keçdi !- Rusiya danışıqlar masasına oturacaq? 

"Rəsmi Kiev rəsmi Moskva  ilə hərbi saziş imzalayıb və dronlar alıb"

"Bu texnika da hərbi əməliyyatlarda əsas rol oynayacaq”

“Kreml bu gücü görsə, asanlıqla Ukrayna ilə danışıqlara başlayacaq"


Ukraynanın cənub-şərqində 2014-cü ilin aprel ayından bəri Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında baş verən müharibə illərdir həllsiz qalıb. Həmin müharibə dönəmində Ukrayna Donbas və Krım itirdi. Amma artıq rəsmi Kievin hərkətə keçməsi aydın müşahidə olunur.  Məlumatlara əsasən artıq Ukrayna ordusu Donetskin şimalındakı Şumi və cənubundakı Vodyane kəndlərini, Avdiivka şəhərinin isə Opitne qəsəbəsini işğaldan azad edib. 



Vəziyyəti şərh edən Politoloq Natiq Miri “Sherg.az”a deyib ki, Ukraynada Rusiya işğalı altında olan torpaqların geri qaytarılması ideyası Azərbaycanın işğalda olan torpaqlarını azad etməsindən sonra başlayıb. Ekspert bildirib ki, bütün münaqişə yaşayan dövlətlərə stimul verən məhz Azərbaycandır:

"Ölkəmizin hərbi təcrübəsi həm Ukrayna, həm Moldova da, həm də Gürcüstan daxil olmaqla digər ölkələrdə də öyrənilməkdədir. Ən müasir müharibəni aparmaq üçün Pilotsuz Uçuş Aparatları (PUA) və havadan müşahidə sistemləri prosesin yürüdülməsində ən mühüm vasitəyə çevrilib. Coğrafi mövqeyinə görə ən çətin ərazilərdə Azərbaycan 44 gün ərzində Ermənistan ordusunu darmadağın edə bildi. Ukrayna məlum təcrübəni öyrənməklə bərabər, bunu Rusiyaya qarşı tətbiq etməklə öz torpaqlarını işğaldan azad etmək istəyir".

Politoloq açıqlamasında qeyd edib ki, Ukrayna yaranan mümkün şəraitdən istifadə edərsə, işğalda olan torpaqlarının müəyyən hissəsini azad edə bilər:
"Ukrayna Türkiyə ilə hərbi saziş imzalayıb, həmçinin dronlar alıb ki, bu da hərbi əməliyyatlarda əsas rol oynayacaq.

Artıq Ukraynanın uğurları mövcuddur. Bu uğurlar göstərir ki, Ukrayna məhz bu təcrübədən istifadə edərək torpaqlarını işğaldan azad edə bilər. Ən azından Rusiya ordusu üçün çox ciddi itkilər və problemlər yaranma ehtimalı var.

Sabiq Ukrayna prezidenti Petro Poroşenko bir neçə dəfə cəhd göstərsə də, ciddi itkilərə məruz qaldı. Lakin indi çox yüngül itkilərlə böyük hərbi uğurlar əldə etmək şəraiti yaranıb. Düşünürəm ki, Ukrayna bundan istifadə edəcək.

Türkiyədən alınan dronlar, müşahidə aparatları Suriyada, Liviyada da bilavasitə Rusiyaya qarşı tətbiq edildi. Və Türkiyənin hərbi qurğuları qarşısında Rusiyanın aciz olduğunu bütün dünya gördü.

Bu silaha qarşı Rusiyanın yeni silah tətbiq etməsi mümkün deyil. Ukrayna ona görə tələsir ki, vəziyyətdən istifadə edərək, işğalda olan torpaqlarının bir hissəsini azad etsin.

Əgər onlar torpaqlarının əhəmiyyətli hissəni azad edə bilsələr, Rusiya ilə danışıqlar masasına oturmaq Ukrayna üçün daha asan olacaq. Çünki Rusiya yalnız güc dilində anlayır. Kreml bu gücü görsə, asanlıqla Ukrayna ilə danışıqlara başlayacaq".

Aygün Tahirqızı