Zelenski Putinə “barış əli” uzatdı:Ukraynanın NATO-ya olan ümidi qırılıb? - ŞƏRH

“Zelenski problemi qarşılıqlı güzəşt yolu ilə həll etməyin əlverişliliyini anlayır”

“Hərçənd, bu da ağlabatan deyil. Çünki Rusiyaya inanmaq olmaz”

“Kremllə hansısa razılıq su üzərində yazı yazmağa bənzəyir”


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Donbasda görüşə dəvət edib. Zelenski bu təklifi “Telegramda” çıxışı zamanı səsləndirib. O, bildirib ki, atəşkəsin bərpası “Normandiya dördlüyü” və təhlükəsizlik alt qrupunun iclaslarında müzakirə edilib: “Orada vəziyyəti mümkün qədər dəqiq görmək və anlamaq üçün təmas xəttinə gəlmək təklifi də var idi. Hər ay ora gedirəm. Cənab Putin, daha da irəli getməyə və sizi müharibə olan Ukrayna Donbasının hər yerində görüşməyə dəvət edirəm”.

Ukrayna lideri əlavə edib ki, Kiyevin Ukrayna sərhədləri yaxınlığında Rusiya qoşunlarının hərəkətindən narahatdır: “Ukrayna müharibə istəmir, lakin buna hazırdır. Bizim prinsipimiz sadədir: Ukrayna birinci olaraq müharibəyə başlamaz, amma sonuncu addım atır”.



Siyasi analitik Rusif Məmmədsoy “Sherg.az”a açıqlamasında tərəflər arasındakı münasibətlərin inkişafını belə şərh etdi: 

“Ukrayna prezidenti Zelenski NATO-ya, o cümlədən həmin qurumun regiondakı təmsilçisi olan Türkiyəyə arxalanır. Əlbəttə, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da bəyanatlarından məlum olduğu kimi, rəsmi Ankara Kiyevi tək qoymayacaq. Əslində bu mübarizə Rusiyaya qarşı yox, separatizm əleyhinədir. Eyni zamanda Ukrayna lideri yaxşı başa düşür ki, toqquşma onun ziyanına olacaq. Çünki NATO 2014-cü ildə olduğu kimi, yenə də Ukraynanı tək qoyacaq.

Hətta o vaxt NATO-nun bəzi aparıcı üzvləri Rusiya ilə gərginliyin onlara lazım olmadığını açıq-aşkar demişdi.

Beləliklə, Ukraynanın NATO-ya olan ümidi qırılıb. Zelenski problemi qarşılıqlı güzəşt yolu ilə həll etməyin mümkünlüyünü və əlverişliliyini anlayır. Hərçənd, bu da ağlabatan deyil. Çünki Rusiyaya inanmaq olmaz. Kremllə hansısa razılıq su üzərində yazı yazmağa bənzəyir”.

R.Məmmədsoy, həmçinin potensial müharibə ehtimalından da danışdı:

 “Ukrayna separatçılarla mübarizəyə başlayıbsa, prosesi sona çatdırmalıdır. Amma necə? Bax, əsas məsələ budur.

Savaşı nə Ukrayna istəyir, nə də Rusiya. Amma Kremlin sərhədə 120 minlik qoşun yığması “biz hər şeyə hazırıq” ritorikasıdır. Bildiyiniz kimi, ABŞ öz vətəndaşlarını sözügedən ölkələrə səfərdən çəkindirir. Qarabağ müharibəsi ərəfəsində də belə olmuşdu. Bu çağırışı müharibənin başlanacağına siqnal kimi qəbul etmək mümkündür.

Halbuki Zelenskinin son açıqlaması göstərir ki, o, qarşılıqlı kompromislər vasitəsilə münaqişəni dinc yolla həll etmək niyyətindədir”.