İran ABŞ-dan güzəştlər dilənir

Anlaşma alınsa Tehran uranı iddia etdiyi kimi 90 faizə qədər zənginləşdirməsini davam etdirməyəcək


İran Nətənz şəhərindəki nüvə obyektində uranın zənginləşdirilməsi üçün yeni və daha müasir sentrifuqlar quraşdırıb. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat verib. Məlumata görə, nüvə obyektinə maksimum 1 044 IR-2m sentrifuqdan ibarət altı kaskad və maksimum 348 IR-4 sentrifuqdan ibarət iki kaskad yerləşdirilib. Bu günlərdə İranın uranı 60 faizə qədər zənginləşdirdiyini söyləyən politoloq Sədrəddin Soltan “Şərq”ə bildirib ki, paralel olaraq Vyanada İranın atom nüvə proqramı ilə bağlı danışıqlar gedir:

“Ötən gecə elan edilib ki, İranla ABŞ arasında bu məsələyə dair yaxınlaşma var. Bu onu göstərir ki, perspektivdə İran uranı iddia etdiyi kimi 90 faizə qədər zənginləşdirməsini davam etdirməyəcək.

Məsələ hələ ki, “dondurulmuş” vəziyyətdədir. Yəni danışıqlar getdiyi üçün İran uranın zənginləşdirilməsi istiqamətində hazırlıqlar görsə də, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini götürəcəyini, İran isə sanksiyaların mərhələli şəkildə götürülməsinin tərəfdarı olduğunu söyləyir.

Rəsmi Tehran həmçinin 2015-ci ilin yayında əhatəli razılaşma planında nəzərdə tutulmuş güzəştlərin edilməsini istəyir. İran Prezidenti Həsən Ruhani çıxış edib ki, “qərbdən nə az, nə də çox şey, 2015-ci ildə edilən güzəştlərin tətbiq edilməsini istəyirik”.

Qarşı tərəf isə İrandan atom nüvə proqramında şəffaflığın təmin edilməsini tələb edib. İran hələ ki, bu istiqamətdə fəaliyyətini zəiflədib və danışıqlar gedir. Hesab edilir ki, bu danışıqlar müsbət nəticə verəcək və tərəflər arasında anlaşma olacaq”.