Baydendən münasibətlərə zərbə:“ABŞ-la Türkiyə arasında siyasi böhran...”

“ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ifadəsini işlətməsi, Vaşinqtonun onu rəsmən tanıması deyil. 1982-ci ildə ABŞ prezidenti Reyqan da belə bir ifadə işlətmişdi. Amma bunun Ankara üçün hüquqi bir çəkisi olmadı. Gələcəkdə də olmayacaq”. 
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.   
 M. Əsədullazadə “Sherg.az”a açıqlamasında Vaşinqtonla- Ankara arasındakı münasibətlərin kəskinləşəcəyini dedi: 

“Bayden administrasiyası Türkiyəni regionda yeni tərəfdaş kimi görmür. Xüsusilə prezident  Ərdoğan hakimiyyətinin müstəqil siyasəti belə bir ifadə işlətməsinə gətirib çıxardı. Bu, təkcə Baydenin erməni lobbisinin təsiri ilə deyil, son aylarda Aralıq dənizində  Yunanıstan-Türkiyə arasında davam edən siyasi-hərbi böhran fonunda Vaşinqtonun Afinanı dəstəkləməsindən irəli gəlir. Bayden seçki marafonunda Ərdoğanı hərbi çevrilişlə devirməyin mümkünlüyunü qeyd etmişdi.

ABŞ son illərdə PKK terror təşkilatının Suriya qolu YPG-ni silahlandırır, Ankaraya sanksiyalar tətbiq edir, F-35 proqramından çıxarır. Bütün problemler Vaşinqtondan qaynaqlanır. Regionda Türkiyəni əvəz edəcək Yunanıstana “stavka” edəcəklər. Göründüyü kimi, ABŞ-la Türkiyə arasında ciddi problemler var. Bu problemlər iki müttəfiq arasında siyasi əməkdaşlığın qırılma nöqtəsinə gəlib çıxıb”. 
 
Onun sözlərinə görə, bundan sonra tərəflər arasında siyasi böhran dərinləşə bilər: 

“Gələcəkdə Bayden administrasiyası Türkiyəyə qarşı yalnız təzyiq siyasəti həyata keçirəcək. Paralel olaraq Ağ Evin Azərbaycana siyasətində də dəyişiklik olacaq. Bayden adminstrasiyası Yaxın Şərqdə Türkiyə və Cənubi Qafqazda  Azərbaycan kimi aparıcı iki ölkə ilə münasibətlərə zərbə vurdu.

Bir neçə gündən sonra  Pentaqondan heyət Ankaraya səfər edib, iki ölkə arasında mövcud problemleri yoluna qoymağa çalışacaq. Bundan sonra Türkiyə- Rusiya yaxınlaşması da olmayacaq. Onsuz da Ankara və Moskva əməkdaşlığın mümkün olunanı ediblər. Hər iki tərəfin toqquşduğu maraqlar var. Vaşinqtonun Ankaraya qarşı bu siyasəti Türkiyəni daha da gücləndirəcək. ABŞ prezidenti Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsini pisləyirik.

Bu, Ermənistan- Azərbaycan və Türkiyə- Ermənistan arasında mümkün əlaqələrin qurulmasına zərbə vurmaqdır. Qarabağ müharibəsindən sonra, ABŞ regionda xalqlar arasında sülhün təşviqinə yox, düşmənliyə gətirib çıxaran siyasətə üstünlük verdi”.