Gürcü hərbçilərə paylanan Quranda xüsusi çiplər də ola bilər 


Gürcüstan Müdafiə Nazirliyi gürcü ordusunda xidmət göstərən müsəlman hərbçilərə, o cümlədən soydaşlarımıza kiçik ölçülü “Qurani-Kərim” paylayıb.

Bildirilib ki, nazirliyin təşəbbüsü ilə çap edilən kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq kompakt və elastik hazırlanıb, həm də hərbi kamuflyajla üzlənib. Kitablar Senakidə yerləşən 2-ci Piyada Briqadasında hərbçilərə paylanılıb. Mərasimdə Qərbi Gürcüstanın müftisi Adam Şantadze də iştirak edib. O, hərbçiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Gürcüstan Müdafiə Nazirliyinin məlum “jesti”ni “Şərq”ə dəyərləndirən ilahiyyatçı-alim Tural İrfan hesab edir ki, qonşu ölkədə keçirilən tədbir müəmmalıdır. Ekspertin sözlərinə görə, ilkin ağıla gələn ehtimal odur ki, o “Quran”larda xüsusi çiplər də ola bilər: “Gürcüstanda yaşayan soydaşlarımızın tarixi yurdlarının adları dəyişdirilib, əksər bölgələrə xristinalığın simvolu olan xaç basdırılıb. Ağstafa ilə sərhəddəki Keşikçidağda kilsənin üstündə də mübahisələr davam edir və s. Yəni vurğulamaq istədiyim odur ki, gürcü hökuməti ölkədə İranın dini təbliğatına böyük şərait yaradıb. Məzh bu addımı ilə soydaşlarımız arasında sünni-şiə təfriqəsini meydana çıxarıb. Bu cür addımlar dini yox, daha çox siyasi mahiyyət daşıyır. Artıq məzarlıqlara iplər çəkilir, rəhmətə gedən sünni məzhəblilər bir yanda, şiələr isə digər tərəfdə dəfn edilirlər. Bunu məqsədyönlü şəkildə icra edənlərə şərait yaradırlar ki, türk milləti birləşməsin. Aralarında daim dini təfriqələr baş versin. Ordu mənsublarına “Quran”ların paylanmasını da zahiri jest sayıram. Məqsəd sadəlövh adamlarda rəğbət yaradaraq, əsl niyyəti gizlətməkdir”.

T.İrfan vurğulayıb ki, ümumiyyətlə, xristian dünyası gizli “səlib yürüşünü” davam etdirir: “Roma Papasının İraqa səfəri zamanı bu mübarizə öz kuliminasiya nöqtəsinə çatdı. Gürcüstan da xristian aləminin bir parçası olaraq şübhəsiz ki, yeri gəldikcə bu yürüşün iştirakçısı olduğunu gizlətmir. Hətta fürsət düşən kimi Ermənistanı müdaifə etməkdən də çəkinmir. Sadəcə, bəzi iqtisadi maraqları imkan vermir ki, bizə qarşı açıq qərəz nümayiş etdirsin. Üzdə xırda və mahiyyətsiz məsələlərlə soydaşlarımızın başını qataraq, dərində təhlükəli işlər görürlər. Gürcüstan müsəlmanlarının dini İdarəsinin bizdən ayrılması da buna misal ola bilər. Gürcüstanda dini ayrı-seçkilik məsələsinə ən əvvəl qardaş Türkiyə diqqət etməlidir. Sonra Azərbaycan hökuməti oradakı soydaşlarımızın problemlərinin kökü ilə maraqlanmalıdır”.