Almaniyada sel nəticəsində ölənlərin sayı 81-ə yüksəlib

Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.

APA-nın ARD-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın qərbində - Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya federal torpaqlarında sel nəticəsində həyatını itirənlərin sayı 81 nəfərə çatıb.

Reynland-Pfalz federal torpağının baş naziri Malu Dreyer ZDF-yə açıqlamasında zərərin miqdarının ağlasığmaz olduğunu bildirib.

"İtkilər artmaqda davam edir. Ölkəmiz heç vaxt buna bənzər bir şey görməyib",- deyə o bildirib.

Reynland-Pfalz daxili işlər naziri Roger Leventz "Deutschlandfunk"a bildirib ki, axtarışlar zamanı daha çox cəsədin tapılacağı gözlənilir.

O, itkin düşdüyü bildirilən 1300 nəfərin hamısının itkin olmadığına əminliyini bildirib.

"Yağış və sel nəticəsində kommunikasiya vasitələri işləmir, insanlar evlərini tərk ediblər, onlarla əlaqə saxlamaq olmur", - deyə nazir vurğulayıb.