İDDİA:“İran “çirkli” atom bombası istehsal edəcək”

“Bu, o deməkdir ki, istehsal texnologiyasına doğru-düzgün əməl olunmayacaq və daha təhlükəli silah meydana çıxacaq”

İran tezliklə nüvə silahı yarada bilər. İsrailin müdafiə naziri Beni Qantz bu haqda həyəcan təbili çalaraq bildirib ki, ölkəsi mümkün hücuma hazırlaşmalıdır. Beni Qantz İsrail hərbçilərinin İranın nüvə obyektlərinin məhv edilməsi üçün xüsusi plan hazırladığına işarə edərək, hökumətə hərbi xərclərin artırılması və yeni müdafiə texnologiyalarının inkişafı üçün əlavə vəsaitin ayrılmasının zərurəti barədə eyham vurub.

Bir müddət öncə amerikalı ekspertlər də İranın nüvə silahı istehsal etmək üçün kifayət qədər saflaşdırılmış urana sahib olacağını vurğulayan hesabat yayımlamışdılar. Bu isə şübhələri bir az da artırır.

 Politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:


“İranın nüvə proqramı şəffaf deyil. Və bu, müxtəlif mülahizələrə səbəb olur. Cənub qonşumuza uranı 4 faizədək zənginləşdirməyə icazə verilib. Halbuki yeni prezident Rəisi dünənki çıxışında uranı 90 faizədək zənginləşdirə biləcəklərini deyib. Söylənilənlərə inansaq, deməli, onların uranı atom nüvə silahı yarada biləcək səviyyədədir. Odur ki, İsrailin, ABŞ-ın narazılıqları əsassız deyil”.

S.Soltan, həmçinin başqa bir ehtimal barədə də danışdı:

“İranın “çirkli” atom bombası istehsal edəcəyi barədə də iddialar var. Bu, o deməkdir ki, istehsal texnologiyasına doğru-düzgün əməl olunmayacaq və daha təhlükəli silah meydana çıxacaq. Bir sözlə, müxtəlif şübhələrə, iddialara rəvac verən elə İran hakimiyyəti özüdür. Çünki dediyim kimi, nüvə proqramı şəffaf deyil”.