“Apple” şirkəti  ziyanlı qurğuların siyahısını açıqlayıb


“Apple” şirkəti istifadəçilərin sağlamlığına ziyan vura biləcək qurğuların siyahısını açıqlayıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət  bir sıra “Apple” qurğularının quraşdırılmış maqnitə malik olduğunu diqqətə çatdırıb. Şirkət bildirib ki, bu komponent quraşdırılmış kardiostimulyator və defibrilyatorların fəaliyyətinə mənfi təsir göstərə bilər. Korporasiya mühəndislərinin sözlərinə görə, əksər məişət elektron qurğuları elektromaqnit sahələrini şüalandıran maqnit və ya komponent və radioqəbuledicilərə malikdir.

“iPhone” smartfonundan başqa quraşdırılmış maqnitlə təchiz edilən qurğular sırasına “iPad” planşetləri və onların aksesuarları da daxildir. Məsələn, planşetə maqnitlə “Smart Keyboard Folio” çıxarılabilən klaviatura bərkidilib. “Apple Watch” saatları da onları enerjidoldurma ilə birləşdirən maqnitə malikdir. Bu, həmçinin “AirPods” və “Beats” simsiz qulaqlıqlarına aiddir. Siyahıda, həmçinin “HomePod” “ağıllı” kolonkaları və “Mac” kompüterlərinin bütün versiyaları, eləcə də xarici “Apple Pro XDR” monitoru yer alıb.