Açıqlandı: “Üç dövlət Talibanı tanıyacağını deyib”

Almaniya kansleri Angela Merkelin Rusiyaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyi mövzular bəlli olub. Bu barədə Almaniya hökumətindən məlumat verilib.
Bildirilib ki, sabah baş tutacaq ikitərəfli görüşdə Əfqanıstandakı son vəziyyət, Ukraynanın şərqindəki münaqişə və Belarusla bağlı məsələlər müzakirə ediləcək.

Məlum olduğu kimi, Əfqanıstanda artıq yeni hökumət formalaşıb. İndi əsas məsələ bu rejimin nə qədər dayanıqlı olacağı və dünya dövlətləri ilə münasibətlərin hansı səviyyədə qurulacağıdır.


Yaxın Şərq üzrə siyasi şərhçi Vüqar Zifəroğlu bu barədə “Sherg.az”a danışdı:

“Taliban hökuməti artıq müxtəlif ölkələrə müraciətlər etməyə başlayıb. Görünür, beynəlxalq əlaqələrini qurmağa və mümkün qədər dayanıqlı olmağa çalışır. Amma bunu nə qədər bacaracağını demək çətindir. Məsələ ondan ibarətdir ki, söhbət təkcə Talibanın özündən yox, eyni zamanda müxtəlif dövlətlərin Əfqanıstanda baş verən dəyişikliklərlə bağlı maraqlarının toqquşmasından gedir. Taliban Mərkəzi Asiyada maraqlı olan ölkələrlə münasibət qurmağa çalışır. Lakin bəzi ziddiyətli məqamlar buna imkan vermir. Hazırda üç dövlət Talibanı tanıyacağını deyib.  Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistandır. Türkiyə ilə də müsbət təmaslar davam edir. Rusiya isə Əfqanıstandakı yeni hökumətin regionda təsir dairəsinin artacağından narahatdır. Hər halda yaxın bir ayda çox məqamlara aydınlıq gələcək”.