Ukrayna müharibəyə hazırlaşır?: “Torpaqlarını işğaldan azad etməkdən ötrü...”

Ukrayna Prezidenti Vladimir Zelenski Krımın azad edilməsindən sonra yarımadada şampan içmək istədiyini deyib. Zelenski Krımda xeyli sevimli məkanının olduğunu bildirib. “Mənim orada çoxlu sevimli məkanlarım var. Qara dəniz sahillərinə getmək istəyirəm. Çox istəyirəm. Krımda 1 qədəh “Novıy Svet” şampanı içmək istəyirəm”, - o qeyd edib. Bir müddət öncə Vladimir Zelenski Krımın rəsmi Kiyevin nəzarətinə qayıtması üçün Ukraynanın hər şeyi etdiyini bildirmişdi.

Sabah isə Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında görüş keçiriləcək. Rəsmi Kiyev artıq torpaqlarını azad etməyə qərar verib?



Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev bu barədə “Sherg.az”ın sualını cavablandırdı:

“Əlbəttə, Krım Ukrayna torpağıdır və ərazi bütövlüyünü təmin etmək həmin dövlətin əsas prioritetlərindəndir. O da məlumdur ki, Azərbaycanıın İkinci Qarabağ müharibəsindəki qələbəsi separatizmdən əziyyət çəkən digər dövlətlər kimi Ukraynaya da ruh yüksəkliyi verdi. Amma Azərbaycanın torpaqlarını işğaldan azad etməkdən ötrü on illər boyu çalışdığını, beynalxalq aləmdə özünə müttəfiqlər topladığını, ordusunu təkmilləşdirdiyini nəzərə almaq lazımdır. Məncə, indi bu güc Ukraynada yoxdur. Ümumiyyətlə, Ukrayna Rusiya ilə müharibə aparmaq iqtidarında deyil. Məsələ ancaq diplomatik yolla həllini tapa bilər. Bunun üçün isə Kiyev beynəlxalq müstəvidə ciddi işlər görməlidir”.