Bu, biabırçılıqdır: “Dünya terrorçu kimi tanıdığı hərəkatla əməkdaşlığa hazır olduğunu bildirir”

İran Prezidenti İbrahim Rəisi Rusiya və çinli həmkarları ilə telefonla danışıb. İ.Rəisi Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışığında bildirib ki, Çinlə əməkdaşlığın inkişaf etdirilməsi dövlətinin prioritet siyasətidir. İran Prezidenti Əfqanıstanda sülh və sabitliyin təmini üçün Çinlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. İran prezidenti Rusiyalı həmkarı Vladimir Putinlə də ikitərəfli əlaqələrin inkişafında qərarlı olduğunu və iki ölkə arasındakı əməkdaşlıq sazişinin imzalanması üçün ciddi iradə ortaya qoyacağını bildirib.

Mərkəzi Asiyada baş verən hadisələr artıq dünya liderlərinin ən prioritet məsələlərindən birinə çevrilib. Dünya gücləri öz aralarında Əfqanıstandakı yeni hökumətə olan münasibəti müzakirə edirlər.

Orta Doğu Araşdırma Mərkəzinin Sədrəddin Soltan bu barədə “Sherg.az”a danışdı:

“Bildiyiniz kimi, regionda ciddi hadisələr baş verir. Rusiya, İran və Çinin terrorçu kimi tanıdığı Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirib. Bunun fonunda NATO regiondan çıxır. Bu, sözügedən üç dövləti qismən rahatlandırır. Onlar  NATO-nun bölgədən çıxması hesabına, hətta İŞİD-in də gəlməyinə razı idilər. Rəisi, Putin və Si Cinpin, çox güman, Talibanla əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Onlar həmişə xarici siyasətlə bağlı fəaliyyətlərini uzlaşdırırlar”.

S. Soltan, həmçinin Əfqanıstanda baş verənlərə münasibət bildirdi:
 
“İran, Rusiya və Çin liderləri Talibanla əməkdaşlığa hazır olduqlarını bildiriblər. Amma hələlik bu quplaşmanı terrorçular sırasından çıxarmayıblar. Qəribədir, dünya terrorçu kimi tanıdığı hərəkatla əməkdaşlığa hazır olduğunu bildirir. Bu, biabırçılıqdır, gülüncdür. Çünki Taliban əfqan xalqı deyil. Yerli insanlar bu təşkilata mandat verməyib. Əskinə, xalq 2001-ci ildə Talibanı hakimiyyətdən qovmuşdu. İndi dünyanın İŞİD-lə, Əl – qaidə ilə əməkdaşlığı olduğu deyilən, qoşa qüllələrin partladılmasında adı çəkilən təşkilatı tanıması sadəcə düşüklükdür. Dünyanın aparıcı qüvvələri, Rusiya Krıma, Qarabağa girəndə səs çıxarmadıqları kimi, bu susqunluqları ilə də özlərinin iç üzünü göstərdilər. Nəzərinizə çatdırım ki, baş verən proseslərin arxasında silah tacirləri, narkotacirlərin də rolu var. Onlar 30 milyon insana zülm verdilər, onları yaşamağa öyrəşdikləri yerlərdən didərgin saldılar”.