Ermənistan ordusunda ölülər də, dirilər də qayıtmır

Anar İmanov: "Məğlub Ermənistan acı həqiqəti gizlədir, itkiləri ört-basdır etməyə çalışır

Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində üç hərbçinin meyiti aşkarlanıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, avqustun 19-u təxminən saat 02:15 radələrində hərbi hissələrdən birində 2002-ci il təvəllüdlü - Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyanın meyitləri aşkarlanıb.

Hadisənin səbəbləri araşdırıldığı deyilib: “İstintaq davam etdirilir. Bu ana olan məlumata görə, baş verənlərin Azərbaycanın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”. Ekspertlərə görə, üç hərbçinin bir-birinə atəş açması inandırıcı deyil. Hadisənin erməni ordusu daxilindəki “dedoşvina”dan qaynaqlandığı ehtimalı daha güclüdür.

Sərhədə yaxın bölgədə baş vermiş olayı “Şərq”ə şərh edən siyasi şərhçi Anar İmanov deyib ki, Ermənistan ordusunda illərlə davam edən ənənəvi böhran son dövrlərdə daha da kəskinləşib. Analitikə görə, qeyri-peşəkar orduda o qədər acınacaqlı vəziyyət hökm sürür ki, analar övladlarını ora göndərmək istəmirlər: “Göndərənlər də peşman olaraq nazirliklərə hücum çəkir, övladlarının taleyi ilə maraqlanırlar. Çünki çox vaxt ordudan ölüləri də, diriləri də qayıtmır. Hətta bir çox əsgər meyitləri aylarla soyuducularda gizlədilir. Ermənistan hakimiyyəti acı həqiqəti ortalığa çıxara bilmir. Məğlub Ermənistan min cür hiylə ilə acı həqiqəti gizlədir,qeyri-peşəkar davranışların nəticəsində baş vermiş itkiləri ört-basdır etməyə çalışır. Bir müddət əvvəl döyüş meydanındakı ölüləri Ermənistan hakimiyyəti toplamırdı. Bu qədər itkinin cəmiyyətdə ciddi rezonans və məyusluq doğuracağını, narazılıq yaradacağını bilirdilər. Ona görə də itkiləri gizlətmək üçün ermənilər müxtəlif dezinformasiyalar yayırdı. Çünki ölkəni kütləvi şəkildə tərk edənlərin, birtərəfli bilet alanların sayı kifayət qədər çoxdur. Amma həqiqəti gizlətmək çətin işdir. Elə ermənilərin özləri hakimiyyətin fırıldaqlarını üzə çıxarır, yalanlarını təkzib edir. Xatırladım ki, bu yaxınlarda “Aramo” terrorçu dəstəsinin komandiri, polkovnik Aram Torqomyan bildirib ki, Ermənistan 44 günlük müharibədə hökumətin açıqladığı rəqəmlərdən üç dəfə çox itki verib: “Müharibə bitəndə Zəngəzurun müxtəlif yerlərində tam şəkildə erməni hərbçilərin cəsədləri ilə dolmuş “Spayk” şirkətinə məxsus soyuducular dayanırdı. Bizim Paşinyanın bildirdiyi kimi üç yox, doqquz mindən çox itkimiz var”.

A.İmanov bildirib ki, Ermənistan ordusunun acınacaqlı vəziyyətindən xarici hərbi ekspertlər də danışır:

“Tanınmış ukraynalı hərbi ekspert Yuri Podolyaka deyib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca inşa edilmiş bəsit erməni blok-postların və istehkamların görünüşü onu şoka salıb. Belə təəssürat yaranıb ki, sanki Qarabağda 44 günlük müharibə olmayıb və ermənilər ağır məğlubiyyətə uğramayıblar. Hərbi ekspert qeyd edib ki, bu cür bərbad postları təşkil edən zabitləri vətən xaini kimi güllələmək lazımdır. Göründüyü kimi artıq Ermənistan ordusundan söhbət gedə bilməz. Olan-qalan hərbi qüvvələr bir-birini didməklə, özünə qəsd etməklə məşğuldur. Bu vəziyyət hələ çox davam edəcək. Çünki Ermənistan hakimiyyəti ona verilən möhtəşəm dərsdən nəticə çıxartmaq istəmir”.