Saakaşvilinin öz vətəninə dönməsi mümkün deyil

"Azərbaycanlıların indiki ciddi problemləri keçmiş prezidentin dövründə də vardı"


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib ki, ölkədə yaşayan azərbaycanlıların böyük əksəriyyəti onun ölkəyə qayıtmağını istəyir. Sabiq rəhbər vurğulayıb ki, azərbaycanlılar onun hakimiyyəti zamanı sosial rifah içində yaşayıblar və ciddi problemləri olmayıb: “Gürcüstanın azərbaycanlı vətəndaşlarının 95 faizi televiziyanın keçirdiyi sorğuda bildiriblər ki, qəti şəkildə mənim ölkəyə qayıtmağımı tələb edirlər. Onlar yalnız mənim hakimiyyətim dövründə sakit, sülh içində yaşadılar və sabah üçün qorxuları yox idi”.

Saakaşvilinin Gürcüstana geri dönüb-dönməməsi başqa mövzudur. Eks prezident dəfələrlə ölkəyə gələcəyini vurğulasa da, hələlik buna risk etmir. Çünki ölkədə ona qarşı cinayət işi açılıb. Məlumdur ki, Gürcüstanda yaşayan azərbaycanlılar hakim “Gürcü Arzusu”ndan zaman-zaman şikayətlənir, narazılıqlarını dilə gətirirlər. Kifayət qədər problem olduğunu, hökumətin isə həll etmək həvəsində olmadığını bəyan edirlər. Bəs həqiqətənmi Gürcüstanda yaşayan soydaşlarımızın böyük əksəriyyəti Saakaşvilinin dönməsini istəyir?

Saakaşvilinin iddiasını “Şərq”ə dəyərləndirən politoloq Əli Orucov sabiq prezidentin “95 faiz azərbaycanlı məni gözləyir” təsbitini doğru hesab etmir. Siyasi şərhçi Saakaşvilinin rəqəmləri bir az şişirtdiyini düşünür: “Doğrudur, keçmiş prezidentin kifayət qədər tərəfdarı var. Onun hakimiyyət dönəmini arzulayanlar da az deyil.

Lakin reallıq odur ki, Saakaşvilinin öz vətəninə dönməsi mümkün deyil. Özünü bu qədər “arzulanan şəxs” kimi qələmə versə də, Gürcüstana dönmək barədə qəti qərar verə bilmir. Gürcüstanda yaşayan soydaşlarımızın xeyli vacib problemləri var. Azərbaycanlılar milli ayrıseçkiliyə, diskriminasiyaya məruz qalırlar. Dəfələrlə şovinist və radikal millətçilərin hücumlarına tuş gəliblər. Bu təhlükələr hələ də sovuşmayıb. Azərbaycanlıların kompakt yaşadıqları bölgələrin sosial-iqtisadi infrastrukturu çox aşağı səviyyədədir. İdarəetməyə yaxın buraxılmırlar. Məsələ ondadır ki, bu problemlər Saakaşvilinin dövründə də vardı. Sadəcə olaraq indi da geniş vüsət alıb. Azərbaycan dövləti Gürcüstan hökuməti ilə daha sıx işləməlidir. Yeri gələndə sərt və qətiyyətli mövqe də nümayiş etdirməliyik. Ermənistanda buraxılan səhvləri təkrar edib, yeni köçlərə, deportasiyaya imkan verə bilmərik”.