Zelenskinin açıqlaması daxili auditoriyaya hesablanıb

Ukrayna indiki halda konkret ABŞ-ın dəstəyini almadan müharibəyə girə bilməz

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi ilə Rusiya arasında genişmiqyaslı müharibə ehtimalını mümkün hesab edir. Bu barədə Ukrayna Prezidenti V.Zelenski Yalta Avropa Strategiya Forumunda (YES) çıxışı zamanı bildirib. O vurğulayıb ki, bu mövzuda potensial var və bu, Rusiyanın ən böyük səhvi olacaq. V.Zelenski qeyd edib ki, hazırda ukraynalılarla rusiyalılar arasında boşluq var, lakin vaxt keçdikcə əlaqələr düzələ bilər.

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, əslində Zelenskinin bu fikirləri daxili auditoriyaya hesablanıb. Politoloq qeyd edib ki, Ukrayna indiki halda konkret ABŞ-ın dəstəyini almadan müharibəyə girə bilməz:

"Hazırda Donbasda hərbi əməliyyat aparmaq üçün Ukraynada siyasi iradə çatmır. Çünki Rusiya konkret Ukraynaya xəbərdarlıq edib ki, əgər Şərqi Donbasa ordusunu yeritsə, o zaman Rusiya ona müdaxilə edəcək. Ümumiyyətlə, Ukrayna Rusiya ilə üz-üzə gəlməyə konkret hazır deyil. Əgər ABŞ Ukraynaya konkret dəstək verərsə,  bəli, o zaman Şərqi Donbasda genişmiqyaslı əməliyyatlar ola bilər. Ancaq hazırda bu çıxış daxili auditoriyaya hesablanmış çıxışdan başqa bir şey deyil".