“...Taliban devriləcək” - ŞƏRH

“ Gərək ilk dövrdəki səhvləri təkrarlamasın, o cümlədən qadınlara azadlıq versin, şəriət qanunları qəbul etməsin”

“Belə olsa, yaxın bir neçə ildə yeni hakimiyyəti tanıyanların sayı artacaq”

“Əks halda isə hətta xarici müdaxiləyə ehtiyac olmadan Taliban devriləcək"

“Amma sözügedən radikal qruplaşmanın hakimiyyətdə qalmaq üçün bütün imkanları var”


Əfqanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kari Fasihuddin Talibanın yaxın bir neçə ay ərzində nizami ordu yaradacağını deyib. Avqust ayında ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etmişdi. Öz növbəsində Taliban ölkənin bütün böyük şəhərlərini və qonşu dövlətlərlə olan sərhəd keçid məntəqələrini ələ keçirərək iyirmi illik müharibənin bitdiyini elan edib.

Sentyabrın əvvəlində isə Taliban  müvəqqəti hökumətin tərkibini açıqlayıb. Əfqanıstandakı yeni hökumətin ard-arda müxtəlif qərarlar qəbul etməsi diqqət çəkir. Yəni Taliban hakimiyyətinin uzun ömürlü olacağına bu qədər çox inanır? “Sherg.az” olaraq Talibanın gələcək siyasi taleyi barədə BDU-nun professoru, politoloq Əlimusa İbrahimovla müzakirə apardıq:

- Qəbul olunan qərarlara əsasən belə demək olar ki, Taliban hakimiyyətinin davamlı olacağından əmindir?

- Ümumiyyətlə, hakimiyyətə gələn istənilən qüvvə uzun ömürlü olmaq istəyir və bunun üçün çalışır. Talibanın hakimiyyətdə nə qədər qalması isə yalnız onun özündən asılıdır. Hakimiyyətinin ilk dövründə, yəni 1995-2001-ci illərdə həddən artıq radikal qərarlar qəbul etdiyinə, o cümlədən Əl-Qaidəyə sığınacaq verdiyinə görə, ABŞ onu devirdi. Amma ya gücü çatmadığına, ya da istəmədiyinə görə Talibanın axırına çıxmadı.

- Taliban bu dəfə hakimiyyətdə daha çox qalmaqdan ötrü nələr etməlidir?

- Gərək ilk dövrdəki səhvləri təkrarlamasın, o cümlədən qadınlara azadlıq versin, şəriət qanunları qəbul etməsin. Belə olsa, yaxın bir neçə ildə yeni hakimiyyəti tanıyanların sayı artacaq. Əks halda isə hətta xarici müdaxiləyə ehtiyac olmadan Taliban devriləcək. Amma sözügedən radikal qruplaşmanın hakimiyyətdə qalmaq üçün bütün imkanları var.

- Talibanın bu qədər əmin addımlar atması hansısa qüvvəyə arxayın olması ilə nə qədər əlaqəlidir?

- Nə ABŞ, nə də İran Talibanı açıq dəstəkləyir. Amma, böyük ehtimalla Əfqanıstandakı yeni hakimiyyət cəzasız qalacağına əmindir.

- Əfqanıstanda  niyə məhz “müvəqqəti hökumət” elan edildi?

- Taliban verdiyi vədləri yerinə yetirmədi. Bunu ya bacarmadı, ya da istəmədi. Hər halda ölkədə inkuliv dövlət yaranmadı. Hökumətdə bütün siyasi qüvvələr və millətlər təmsil olunmadı. Qadınlar idarəetmədən kənardır. Hakimiyyətdəkilər, demək olar, ancaq puştulardırlar. Taliban bütün bunları nəzərə alıb, işini bildiyinə görə, dediyiniz kimi, “müvəqqəti hökumət” qurdu.

- Hökumətin adındakı “əmirlik” ifadəsi diqqət çəkir. Taliban bununla nə demək istəyir.?

- Bilirik ki, əmirliklərin əraziləri tədricən genişlənir. Amma, əlbəttə, Taliban bunu indidən açıq deyə bilməz. Sadəcə nəzərə almaq lazımdır ki, ilk hakimiyyət də əmirlik idi. Əgər bu dəfə eyni idarəetmə forması olmasaydı, Taliban İslam qaydalarına qarşı çıxmış olardı. İkinci bir tərəfdən, qruplaşma eksponsiya etməyəcəyinə, qonşularının hesabına öz ərazisini genişləndirməyəcəyinə dair söz verib.Vədində səmimidirsə, ola bilsin, gələcəkdə qarşıdurmanın qarşısını almaqdan ötrü belə qərar verilib. Belə ki, gələcəkdə digər millətlər, o cümlədən taciklər, özbəklər də ölkənin müəyyən hissəsini idarə edə bilərlər.