ABŞ mediası: Türkiyə bacardı

Baydenin Əfqanıstanda məğlub olması Ərdoğanın qələbəsi ilə nəticələnə bilər

ABŞ-ın nüfuzlu mətbuat orqanı olan “Washinqton Post” qəzeti Türkiyənin Əfqanıstandan çıxmasını doğru hərəkət və risklərlə öz xeyrinə çevirməyi bacardığını yazıb.
“Şərq” qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Baydenin Əfqanıstanda məğlub olması Ərdoğanın qələbəsi ilə nəticələnə bilər” başlıqlı xəbərdə aşağıdakı ifadələrə yer verilib: “Əfqanıstanın taliblərin əlinə düşməsi, Bayden administrasiyasının Trampdan sonrakı dünyada ABŞ-ın nüfuzunu qorumaq səyləri üçün utancverici bir hadisə oldu. Qərb ictimaiyyətin bu fiaskonu unutması üçün vaxt qazanmaq istəyəcək”. 
Nəşr yazıb ki, türklər təxliyə işlərində son dərəcə uğurlu oldular. Üstəlik, Qətərlə birlikdə Kabil hava limanının istismarına texniki yardım göstərirlər: “Ankara hökuməti digər NATO ölkələrindən fərqli olaraq Əfqanıstanla əlaqəni təmin etmək üçün səfirliyini açıq saxladı. Türkiyə yeni "Taliban" hökumətinin anons mərasiminə Rusiya və Çinlə birlikdə dəvət olunan altı ölkədən biri idi. Ərdoğanın qərarları öz bəhrəsini verməkdədir. Bayden rəhbərliyi əvvəlcə Ankaradan uzaq olsa da, hər şey dəyişmiş kimi görünür. Bayden Brüsseldə Ərdoğanla görüşdü və görüş yaxşı keçdi. ABŞ siyasətçilərinin gözündən qaçan məqam odur ki, Türkiyə regional münaqişələrdə təhlükəsizlik təminatçısından daha çox şey təklif edir”. 

İsmayıl