“ABŞ Türkiyənin Cənubi Qafqaz siyasətini qəbul edir”  - Böyük Britaniyanın da rolu...

 “Ermənistan baş naziri Nikol Paşinyan yol ayırıcındadır. Çünki Avropa İttifaqından külli miqdarda maliyyə yardımı alır. Ölkə iqtisadiyyatı, o cümlədən dəmiryolları isə Rusiyadan asılıdır”.
Bu sözləri baş nazirin Türkiyə ilə yaxınlaşmaq cəhdləri barədə “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib. O, həmçinin rəsmi Vaşinqtonun da proseslərdəki rolundan söz açdı:

“Eyni zamanda revanşistlər Moskva ilə yaxınlıq edirlər. Yəni Paşinyanın iki tərəf arasında gedib-gəlməyi təəccüblü deyil. Avropa İttifaqı Ermənistanı Rusiyanın “caynağından qoparmaq”  və dolayısı ilə bölgədə sabitlik yaratmaq istəyir. BMT-nin Baş Assambleyasında ABŞ rəsmiləri bildirdilər ki, məhz Türkiyə vasitəsilə Qərbin Cənubi Qafqazdakı mövcudluğu güclənəcək. Həmçinin diplomatlar bildiriblər ki, Vaşinqton Azərbaycan- Türkiyə- Ermənistan arasındakı üçtərəfli məsələlərin həllinə dəstək verəcək. Yəni ABŞ Türkiyənin Cənubi Qafqaz siyasətini qəbul edir. Əlbəttə, bu məsələdə Böyük Britaniyanın da rolu var. Paşinyanın  indiki şəraitdə Türkiyə ilə yaxınlaşmaqdan başqa yolu yoxdur. Ərdoğan isə deyib ki, baş nazirin təklifinin qəbul olunması üçün əvvəlcə kommunikasiya xətləri açılmalıdır”

S.Məmmədlinin fikrincə, Qərb məqsədinə çatacaq:

 “Əlbəttə, İrəvan məhz Moskvadan çəkindiyinə görə açıq danışa bilmir, bəzi hallarda “nala-mıxa vurur”. Paşinyan bu yaxınlarda Köçəryanın Moskvaya çağırılmasından da narahatdır. Amma Qərb Ermənistanın  Türkiyə ilə yaxınlaşmasında maraqlıdır. Bu mənada, fikrimcə, Kremli sıxışdırmaq mümkün olacaq”.

Kənan Novruzov